AMEA: GMO məhsulları istifadə edilməzdən əvvəl elmi-tədqiqat müəssisələrində yoxlanılmalıdır

AMEA: GMO məhsulları istifadə edilməzdən əvvəl elmi-tədqiqat müəssisələrində yoxlanılmalıdır
# 05 fevral 2014 13:03 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “GMO-nun ziyanlı olub-olmaması barədə ciddi mübahisələr aparıldığı halda, milyonlarla insan həmin məhsullardan istifadə etməkdədir. Genetik modifikasiya olunmuş orqanizmlərin yetişdirilməsi və qidalanmada istifadə edilməsi bir çox risklərlə müşayiət olunur”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin bugünkü iclasında AMEA İnsan Hüquqları İnstitutunun Bioetika və tibbi hüquq şöbəsinin müdiri Vüqar Məmmədov deyib.

V.Məmmədov genetik modifikasiya olunmuş bütün orqanizmlərin dükanlara və istehlakçılara çatdırılmazdan öncə elmi-tədqiqat müəssisələrində yoxlanılması və markalanmasının zəruriliyini bildirib. O, genetik modifikasiya olunmuş məhsullardan nəzarətsiz istifadənin gələcəkdə gözlənilməz nəticələrə gətirib çıxara biləcəyini vurğulayıb. Onun sözlərinə görə, qidalanmada transgen məhsullardan istifadənin riskli olduğunu tam təsdiq etmək üçün bir neçə onillik və genetik modifikasiya edilmiş orqanizmlərlə qidalanmış bir neçə nəsli müşahidə etmək lazımdır: “Bütün transgen məhsulların zərərli olması barədə tam əminliklə danışmaq olmaz. Çünki təbiətdə də insan üçün yararsız olan (zəhərli və mutagen) qidalar mövcuddur”.

V.Məmmədov AMEA İnsan Hüquqları İnstitutu tərəfindən Azərbaycanda genetik modifikasiya olunmuş məhsulların idxalı və yayılmasının hüquqi tənzimlənməsinin sistemli yanaşma üsulu ilə tədqiq edildiyini bildirib. AMEA Rəyasət Heyətinin qərarı ilə institutda sağlamlıq hüququ, ekoloji təhlükəsizlik, genetik modifikasiya olunmuş orqanizmlər, ərzaq və qida təhlükəsizliyi istiqamətində elmi araşdırmalar davam etdiriləcək, Azərbaycan qanunvericiliyinə təsbit olunmaq üçün müvafiq təkliflər hazırlanacaq, iş adamları və s. arasında maarifləndirmə, təbliğat xarakterli tədbirlərin görülməsi ilə bağlı işlər davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR