Təhsil naziri valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli internat məktəbdə olub

Təhsil naziri valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli internat məktəbdə olub
# 16 sentyabr 2013 15:20 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün təhsil naziri Mikayıl Cabbarov “Bilik Günü” münasibəti ilə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli internat məktəbdə olub. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, təhsil naziri öncə təhsil müəssisəsi ilə tanış olub, məktəbdə təlim-tərbiyə alan uşaqlara göstərilən xidmətlərlə maraqlanan nazir uşaqlarla birlikdə nahar edib, onların arzu və istəklərini dinləyib.

Nazirə məlumat verilib ki, 1 nömrəli internat məktəb 1963-cü ildə fəaliyyətə başlayıb. İnternat məktəbdə dövlət himayəsi altında yaşayan 159 şagirdin təlim-tərbiyəsi ilə 28 nəfər pedaqoji işçinin məşğul olduğu bildirilib. Sonra nazir məktəbin VIII və IX siniflərində vətənpərvərlik mövzusuna həsr olunmuş dərsi tədris edib. Dərsdə interaktiv təlim metodlarından geniş istifadə olunub.

Qeyd edək ki, Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 2013-2014-cü tədris ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin V-XI siniflərində ilk dərs saatı vətənpərvərlik mövzusuna həsr olunub. Dərsdə müəllimlə yanaşı, məktəbin elm, təhsil, mədəniyyət, ədəbiyyat, ictimai fəaliyyət, dövlət qulluğu, idman və digər sahələrdə uğur qazanmış nüfuzlu məzunlarından, valideynlərdən, şəhər, rayon, qəsəbə və kəndin nüfuzlu ziyalılarından və ya rəhbər şəxslərdən hər hansı birinin iştirakı nəzərdə tutulub. Əsas məqsədi Azərbaycanın yeni cəmiyyət quruculuğunda gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlarda təhsilə, elmə marağın daha da artırılması və geniş dünyagörüşün formalaşdırılmasından ibarət olan dərs şagirdlər tərəfindən maraqla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR