Azərbaycanda tez xarab olan malların siyahısı təsdiqlənib

Azərbaycanda tez xarab olan malların siyahısı təsdiqlənib
# 02 aprel 2014 10:56 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları”nı təsdiqləyib.

APA-nın verdiyi məlumata görə, bu Qaydalar dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi qaydalarını müəyyən edir.

Mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış malların siyahısı Azərbaycan Respublikasının “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanunları ilə, tez xarab olan malların siyahısı isə bu Qaydalarla müəyyən edilir.

Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan mallar əvəzsiz olaraq aidiyyəti dövlət orqanlarına vermə, təkrar emal və məhv etmə barədə sərəncam verilir. Hüquq mühafizə, digər dövlət orqanlarının, dövlət büdcəsindən maliyyələşdirilən sosial təminat, səhiyyə, təhsil və digər müəssisələrin maddi-texniki bazasının yaxşılaşdırılması və tələbatlarının ödənilməsi məqsədilə dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan mallar tam natura şəklində əvəzsiz olaraq aidiyyəti dövlət orqanlarına verilir. Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan mallar, xüsusiyyətlərinə görə öz təyinatı üzrə istifadə edilməsi mümkün olmadıqda, Komitə tərəfindən belə malların emalı ilə məşğul olan hüquqi şəxslərə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə müqaviləyə əsasən verilir və həmin malların təkrar emalından əldə edilmiş gəlir tərəflər arasında bölüşdürülür. Komitə malların təkrar emalından əldə edilmiş gəliri dövlət büdcəsinə köçürməlidir. Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan mallar keyfiyyətini itirməsi, xarab olması, istifadə müddətinin ötməsi və s. səbəblərdən öz təyinatına görə istifadə edilə bilmədikdə, onların məhv edilməsi yalnız aidiyyəti dövlət orqanlarının həmin malların satışının qadağan edilməsi, yaxud mal dövriyyəsindən çıxarılması barədə müvafiq göstərişləri əsasında, habelə müstəqil ekspertlərin və digər ixtisaslaşmış müstəqil laboratoriyaların həmin malların istifadə üçün yararsız olması haqqında rəyi alınmaqla, Komitənin təşəbbüsü ilə müvafiq məhkəmə qərarı əsasında həyata keçirilir.

Mülki dövriyyədə olmasına yol verilməyən mallar gömrük ərazisinə gətirilərkən və ya bu ərazidən aparılarkən, müsadirə edilməsi qanunda nəzərdə tutulmamışdırsa, dərhal gömrük ərazisindən çıxarılmalı və ya bu əraziyə qaytarılmalıdır. Həmin mallar onları gömrük sərhədindən keçirən şəxsin hesabına çıxarılır və ya qaytarılır. Mülki dövriyyədə olmasına yol verilməyən malları gömrük ərazisindən çıxarmaq və ya bu əraziyə qaytarmaq dərhal mümkün olmadıqda, onlar gömrük orqanlarının müvəqqəti saxlancına verilir. Belə malların saxlanc müddətinin son həddi 3 (üç) sutkadır. Mülki dövriyyəsi məhdudlaşdırılmış mallar xüsusi icazə olmadan gömrük ərazisinə gətirilərkən və ya bu ərazidən aparılarkən, müsadirə edilməsi qanunda nəzərdə tutulmayıbsa, onları keçirən şəxsin seçimi əsasında gömrük ərazisindən çıxarılmalı (bu əraziyə qaytarılmalı) və ya müvəqqəti saxlanc anbarında 3 (üç) sutka müddətinə yerləşdirilməlidir. Həmin mallar onları gömrük sərhədindən keçirən şəxsin hesabına çıxarılır və ya qaytarılır.

Tez xarab olan mallar barəsində sərəncam verilməsinə gəlincə, tez xarab olan mallar qadağan olunmuş mallara aiddirsə, bu mallar barədə sərəncam verilməsi saxlanc müddəti bitdiyi vaxtdan 24 (iyirmi dörd) saat ərzində həyata keçirilir. Tez xarab olan mallar xüsusi şəraiti olan yerlərdə saxlanılmalıdır.

Qərara əsasən tez xarab olan malların siyahısı müəyyənləşib. Siyahıya aşağıdakı mallar daxildir:

- Canlı flora növləri.

- Ət və ət məhsulları, quş əti və quş əti məhsulları (o cümlədən, vurulmuş ov heyvanları və quşları) və heyvan piyləri, endokrin xammalı.

- Diri, soyudulmuş, dondurulmuş, hisə verilmiş, duza və ya marinada qoyulmuş balıqlar, xərçənglər, molyusklar və digər dəniz məhsulları, balıq məmulatları, kürü.

- İnkubasiya üçün yumurta, heyvan sperması, embrionlar.

- Süd və süd məhsulları (təzə süd, qaymaq, xama, kəsmik, turş süd məhsulları və s.), müxtəlif pendir növləri, dondurma, kərə yağı, əridilmiş kərə yağı.

- Qida üçün yumurta və melanj.

- Marqarin, kompaund-piy, qənnadı, kulinariya və digər piylər.

- Təzə və dondurulmuş (qaxac edilmiş və qurudulmuş istisna olmaqla) meyvələr və giləmeyvələr, şirə konsentratları, püre.

- Təzə, dondurulmuş, duza qoyulmuş, turşudulmuş (qaxac edilmiş və qurudulmuş istisna olmaqla) tərəvəzlər və göbələklər, badımcan, yerkökü, artişok, paxlalı tərəvəzlər, yunan qabağı, təzə bibər, xiyar, pomidor, bütün növ kələm, kartof, soğan, çuğundur, turp, təzə göbələklər, tərəvəz povidlosu və püresi, müxtəlif göyərtilər.

- Dondurulmuş qida məhsulları və yarımfabrikatlar.

- Çörəkbişirmə üçün preslənmiş mayalar.

- Şokolad məhsulları (yay aylarında).

- Çörək və çörək-bulka məmulatları.

- Körpələr və azyaşlı uşaqlar üçün xüsusi hazırlanmış qida məhsulları: maye halında ana südünün əvəzediciləri, meyvə və tərəvəz püreləri, meyvə və tərəvəz şirələri, ət püreləri, turş süd məhsulları, kəsmik və digər hazır yeməklər.

- Qan və qan komponentləri, insan orqanları və toxumaları, analizlərin aparılması üçün testlər, diaqnostikumlar və standart məhlullar.

- Normativ saxlama müddəti 72 (yetmiş iki) saatdan az olan digər məhsullar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR