Bakıda “Azərbaycan-İspaniya əlaqələri: iqtisadi inkişafa elmi baxış” simpoziumu keçirilib

 Bakıda “Azərbaycan-İspaniya əlaqələri: iqtisadi inkişafa elmi baxış” simpoziumu keçirilib
# 30 may 2014 16:49 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində İspaniya İqtisadiyyat və Maliyyə Elmləri Kral Akademiyası ilə birgə “Azərbaycan-İspaniya əlaqələri: iqtisadi inkişafa elmi baxış” mövzusunda simpozium keçirilib.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, Azərbaycan və İspaniya tədqiqatçıları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən təcrübə mübadiləsinin artırılması və kadr hazırlığı siyasətində qarşılıqlı səylərin sürətləndirilməsi baxımından simpoziumun böyük əhəmiyyətə malikdir.

Onun sözlərinə görə, Azərbaycan alimlərinin ispaniyalı həmkarları ilə müəyyən əməkdaşlıq əlaqələri var və bu tədbir ikitərəfli əlaqələrin inkişafına töhfə vermək məqsədi daşıyır.

Simpoziumda İspaniyanın İqtisadiyyat və Maliyyə Elmləri Kral Akademiyasının prezidenti Xayme Xil Aluxa, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, habelə Azərbaycannın İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu, AMEA İdarəetmə Sistemləri İnstitutu və İspaniyanın Kral Akademiyasının alimləri məruzələrlə çıxış ediblər.

Sonra iki akademiya arasında ictimai, təbiət və dəqiq elmlər, eləcə də mühəndislik elmləri üzrə araşdırmaların daha da genişləndirilməsi məqsədi ilə memorandum imzalanıb.

Tədbirin sonunda Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiya təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR