Nyu-Yorkda İran və Avropa Birliyi prezidentləri arasında görüş keçirilib

Nyu-Yorkda İran və Avropa Birliyi prezidentləri arasında görüş keçirilib
# 27 sentyabr 2013 09:50 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran prezidenti Həsən Ruhani Avropa Birliyinin prezidenti Herman van Rompeylə görüşüb.

APA-nın İRNA-ya istinadən məlumatına görə, görüş BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 68-ci sessiyası çərçivəsində baş tutub.

H.Ruhani ölkəsinin sülhməqsədli nüvə fəaliyyətlərini gizlətmək kimi bir niyyətinin olmadığını bildirib: “İranın bütün nüvə fəaliyyətləri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarəti altındadır. İranın müdafiə doktrinasında kütləvi qırğın silahlarına yer yoxdur”.

İran prezidenti Suriyadakı böhrana da toxunub: “Rəsmi Tehran Suriyada terrorçu qrupların mövcudluğundan narahatdır. Bu ölkədə yaşanan böhranın sona çatması üçün təşkil edilən hər bir beynəlxalq konfransa ön şərtsiz qatılmağa hazıram”.

H.Rompey də İranın bölgədə mühüm rol oynadığını deyərək, Suriya mövzusunda Avropa Birliyinin də İran kimi narahat olduğunu və siyasi həll yolunun ilk sırada yer aldığını vurğulayıb. AB prezidenti həmçinin İranla “altılıq” ölkələri arasında görüşün baş tutmasının çox vacib olduğunu bildirərək, bunun İran və AB əlaqələrində bir dönüş nöqtəsi sayıldığını söyləyib.

Bundan əlavə, İran prezidenti BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Əhdar İbrahimi ilə görüşüb.

H.Ruhani bildirib ki, İran Suriya böhranı ilə bağlı Cenevrədə keçirilməsi planlaşdırılan ikinci konfransa qatılmağa hazırdır: “Əgər İran qeyd-şərtsiz dəvət ediləcəyi təqdirdə, Suriya böhranının həll edilməsinə yardımçı olmaq üçün həmin konfransda iştirak edəcəyəm”. İran prezidenti deyib ki, Suriya böhranının tez bir zamanda həll edilməsi zəruridir: “İran bu böhranın həllinə yardım göstərəcək. Hər kəsin bölgədə qan axıdılması və qarşıdurmanın sona çatması üçün böyük səy göstərmələri lazımdır”.

Ə.İbrahimi isə Suriya ilə bağlı son hesabatını təqdim edərək, İranın Cenevrə-2 konfransına qatılmasından məmnun olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR