Gələn il Azərbaycanda avtomobil növbəsində olan Qarabağ müharibəsi əlilləri avtomobillə təmin olunacaq

Gələn il Azərbaycanda avtomobil növbəsində olan Qarabağ müharibəsi əlilləri avtomobillə təmin olunacaq
# 29 dekabr 2013 13:48 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. 2014-cü ilin ilk yarısında avtomobil növbəsində olan Qarabağ müharibəsi əlilləri avtomobillə təmin olunacaq.

APA-nın xəbərinə görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məlumat verib.

O bildirib ki, bunun üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayırıb. Nazirin sözlərinə görə, əlillər üçün nəzərdə tutulan və Naxçıvanda istehsal “Naz-Lifan” maşınlarının alınması üçün həmin zavodun Müşahidə Şurasının direktoru ilə görüş keçirilib: “Bizə söz verilib ki, artıq 300 maşının bütün komplektləşdirici ehtiyat hissələri gətirilib. Digər maşınlar üçün də ehtiyat hissələrinin gətirilməsi məqsədilə həmin direktor Çinə səfər edəcək. 5 ay ərzində növbədə olan 650 nəfərə yaxın Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin hamısı avtomobillə təmin olunacaq”.

S.Müslümov qeyd edib ki, digər kateqoriyadan olan Böyük Vətən müharibəsi və ona bərabər tutulan digər hadisələr nəticəsində əlil olan şəxslərin avtomobillə təmin olunması üçün gələn il nazirliyin büdcəsinə 3 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub: “Həmin vəsait hesabına 2014-cü il ərzində Böyük Vətən müharibəsi və ona bərabər tutulan digər hadisələr nəticəsində əlil olan şəxslər də avtomobillə təmin ediləcək. Nazirliyin saytında bütün növbədə olan əlillərin siyahısı yerləşdirilib və bunun vasitəsilə hər bir kəs özü haqqında məlumat əldə edə bilər. Düşünürəm ki, görüləcək işlər nəticəsində gələn il ərzində avtomobil növbəsində olan əlillərin siyahısı nazirliyin saytından çıxarılacaq və bu siyahıya artıq ehtiyac olmayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR