Aleksandr Turçinov: “Rusiya bizi zorla NATO-ya qoşulmağa məcbur edir”

Aleksandr Turçinov: “Rusiya bizi zorla NATO-ya qoşulmağa məcbur edir”
# 03 aprel 2014 07:47 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu sözləri Ukrayna Ali Radasının sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov “Şuster Live” televiziya proqramında çıxışında deyib. “Krım Rusiya hərbçilərinin istirahət yarımadası olmayacaq. Bu, hazırda beynəlxalq təcridlə üzləşmiş Rusiya üçün dəhşətli problemə çevriləcək”, - deyə o, söyləyib.

A. Turçinov yaxın vaxtlarda Ukraynanın Rusiyanın Krımı işğal etməsi nəticəsində məruz qaldığı milyardlarla dolların kompensasiyası üçün beynəlxalq məhkəmələrdə iddialar qaldıracağını açıqlayıb. O, rusiyalı hərbçilərin Krımda ələ keçirdiyi ilk müəssisələrdən birinin “Çernomornefteqaz” olduğunu xatırladaraq Ukraynaya qarşı həm də iqtisadi müharibə aparıldığını qeyd edib: “Rusiya müstəqil, suveren dövlətə qarşı törətdiyi təxribatlara görə üçqat artıq qiymət ödəməli olacaq”.

A. Turçinov Ukraynanın NATO-ya üzvlüyünü istisna etməyib və Rusiyanın Ukraynanı bu bloka doğru itələdiyini də vurğulayıb: “Rusiya Ukraynanın NATO-ya üzv olacağından çox qorxur. Bu, onların fobiyalarından biridir. Məhz Rusiya Federasiyası öz təcavüzü, öz fəaliyyəti, qoşunlarını Ukrayna sərhədlərinə yığması ilə Ukraynanı inadla NATO-ya doğru itələyir”.

A. Turçinov Rusiyanın bu istiqamətdə fəaliyyətini davam etdirəcəyi təqdirdə, Ukraynanın NATO-ya daxil olacağını istisna etmir. O, Rusiyanın aqressiyasından sonra Ukraynada ölkənin NATO-ya üzvlüyünü dəstəkləyən insanların sayının artdığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR