Azərbaycan Tibb Universitetində uşaq xəstəliklərinə dair beynəlxalq konfrans keçirilir

Azərbaycan Tibb Universitetində uşaq xəstəliklərinə dair beynəlxalq konfrans keçirilir
# 17 aprel 2014 16:53 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikasında “Pediatriyanın aktual problemləri”nə həsr olunmuş elmi-praktik konfrans və seminar başlayıb.

Universitetin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbir Səhiyyə Nazirliyi, ATU və Azərbaycan Pediatriya Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.

ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov çıxışında konfransın işinə uğurlar arzulayıb. Daha sonra seminarda amerikalı mütəxəssislər, professorlar Susan Vear, Cim Varpinski Tədris-Terapevtik Klinikanın direktoru, professor Surxay Musayev uşaqlarda talassemiya, asma və allergiya xəstəlikləri ilə bağlı məruzələr söyləyiblər.

Konfransda həmçinin respublikamızın tanınmış pediatrları, Səhiyyə Nazirliyinin mütəxəssisləri, ATU-nun professorları Hüseyn Qabulov, Amaliya Əyyubova, Zemfira Mirzəyeva və digərləri Azərbaycanda uşaq xəstəliklərinin aktuallığına dair çıxış ediblər. Konfransda çıxış edənlər ölkəmizdə pediatriya sahəsində əldə olunmuş nailiyyətlərdən danışıblar. Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasının dövlətin sosial yönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğu vurğulanıb.

Aprelin 19-dək davam edəcək konfransda mövzu üzrə elmi məruzələr dinləniləcək və müzakirələr aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR