Növbəti beşilliyin başlanğıcında - TƏƏSSÜRAT

Növbəti beşilliyin başlanğıcında - <span style="color: red;">TƏƏSSÜRAT
# 19 oktyabr 2013 12:39 (UTC +04:00)

Bu gün Azərbaycan növbəti 5 illiyə başladı. 9 oktyabrda keçirilən prezident seçkisi nəticəsi olaraq, Azərbaycan xalqı qarşıdakı 5 illiyi İlham Əliyevlə davam etməyə qərar verdi. Tarixin bütün dönəmlərində və dünyanın əksər ölkələrindəki kimi seçim öncəsi olan suallar, müzakirələr, mübahisələr, razılar və narazılar mərhələsi bitdi. Azərbaycan Konstitusiya Məhkəməsi Mərkəzi Seçki Komissiyasının yekun protokolunu təsdiqləyib, İlham Əliyevin seçkilərin qalibi olduğunu rəsmən elan etdi. Prezident növbəti 5 illik fəaliyyətinə start vermək üçün qanunverici orqanda and içdi.

... Andiçmə mərasim gözlənildiyindən sakit keçdi. Mütəvazi bir mərasimlə and içən cənab Əliyevin inauqurasiyasında yalnız indiyə qədər çalışdığı dövlət rəsmiləri, hökumətin üzvləri və millət vəkilləri vardı. Günorta saat 13.00 radələrində protokola uyğun olaraq açılan yaylım atəşi prezidentin yeni dövr üçün fəaliyyətinə start verdiyini elan etdi...

Mərasim dəbdəbədən çox uzaq idi. Yer seçimi də çox uğurlu idi. Dünyanın əksər ölkələrinin prezidentləri qanunverici orqanda and içirlər. Məncə, Azərbaycanın bu ənənəni yenidən bərpa eləməsi çox müsbət haldır. Yeri gəlmişkən, bu sadə mərasim həm də prezidentin bir neçə ay öncə məmurlara etdiyi xəbərdarlığı təkrar yada saldı. Prezidentin dövlət və hökumət rəsmilərinə, onların ailə üzvlərinə “dəbdəbədən uzaq olmaqla” bağlı məşhur xəbərdarlığından bəhs edirəm.

Dünyanın əksər ölkələrində inauqurasiya mərasimləri elə belə keçirilir. Obamanın da, Putinin də, Gülün də, elə başqalarının da... Çünki hər bir prezident onu seçən xalqın qarşısında and içir. Azərbaycan prezidenti də belə etdi. Cənab Əliyev də seçicinin mandatını almış millət vəkilləri qarşısında and içdi və bununla da məhz Azərbaycan xalqı qarşısında öhdəliyi olduğunu, yalnız bu xalqa hesabat verəcəyinin mesajını verdi.

İlham Əliyev bu gün yox, oktyabrın 9-da dünyanın gözü Azərbaycanda olduğu gün prezident seçilib. Həmin gün və səhəri exit-poll keçirən təşkilatlar, beynəlxalq müşahidə missiyaları, Mərkəzi Seçki Komissiyası ilkin, daha sonra isə tam nəticələri açıqlayıblar. Cənab Əliyevin tərəfdarları bu qələbəni gecəyarıya kimi Bakı küçələrində qeyd ediblər. İlham Əliyev Azərbaycan xalqına müraciət edib, təşəkkürünü bildirib.

Və nəhayət, Konstitusiya Məhkəməsi bütün qaydalara uyğun olaraq, seçkilərdə iştirak etmiş prezidentliyə namizədlərin də iştirakı ilə yekun protokolu təsdiqləyib. Deməli, inauqurasiya bu məsələdə növbəti prosedurdu. Və protokola uyğun olaraq da keçirildi. Təmtəraqdan uzaq və dəbdəbəsiz...

***

Prezident and içəndən sonra etdiyi çıxışına yenə də bu etimada görə xalqa təşəkkürlə başladı. Ardından isə maraqlı mesajlar verdi. Azərbaycanın inkişaf perspektivləri, yeni layihələr, aparılacaq islahatlar, tərəfdaşlara baxışlarla bağlı növbəti dönəmin xəritəsini cızdı... Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinin müzakirə mövzusu olmadığını bildirdi...

Mərasim bitdi və cənab Əliyev iş başına-Prezident Administrasiyasına döndü!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR