Bakıda “Nifrət Nitqinə Yox Hərəkatı” adlı beynəlxalq forum keçirilir - VİDEO - FOTOSESSİYA

Bakıda “Nifrət Nitqinə Yox Hərəkatı” adlı beynəlxalq forum keçirilir - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 27 sentyabr 2013 08:49 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Bu gün Bakıda Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Avropa Şurası ilə birlikdə “Nifrət Nitqinə Yox Hərəkatı” (“No Hate Speech Movement”) adlı beynəlxalq forumu öz işinə başlayıb.

APA-nın məlumatına görə, forumda gənclər və idman naziri Azad Rəhimov, Avropa Şurası Təhsil və Təlim Komitəsinin sədri Rui Gomes, Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov, Azərbaycan Prezident Administrasiyasının rəsmiləri, deputatlar və bir sıra xarici qonaqlarla yanaşı, yerli QHT nümayəndələri iştirak edirlər.

Çıxış edən ARGTMŞ sədri Şahin Seyidzadə forum barədə məlumat verib. O qeyd edib ki, “No Hate Speech Movement” - “Nifrət Nitqinə Yox Hərəkatı” kampaniyası Avropa Şurası tərəfindən Gənclər Sektorunda 2012-2014-cü illər üzrə prioritet təşəbbüs kimi reallaşdırılmağa başlayıb.

Azərbaycan ARGTMŞ təmsilçiliyi ilə 2013-cü ilin aprel ayından etibarən Avropa Şurasının “No Hate Speech Movement” - “Nifrət Nitqinə Yox Hərəkatı”na qoşulub və bu çərçivədə bir sıra fəaliyyətlər həyata keçirib. Bunlar sırasına Beynəlxalq Gənclər Gününə həsr edilən Gənclər Həftəsi, “No Hate Speech Movement” - “Nifrət Nitqinə Yox Hərəkatı” fotosərgisi və bir sıra müxtəlif tədbirlər aiddir. Forumun əsas məqsədi Azərbaycanda “Nifrət Nitqinə Yox Hərəkatı” kampaniyasının uğurla həyata keçirilməsini və inkişafını dəstəkləmək, Avropa Şurası və Azərbaycan arasında, eyni zamanda Avropa ölkələri milli koordinatorları arasında əməkdaşlığı gücləndirməkdir. Bu məqsədlə forumda Avropa Şurasından ekspertlər və proqramın milli koordinatorları iştirak edəcək. Eyni zamanda bildirilib ki, ARGTMŞ bu ilin aprel ayından etibarən Avropa Şurasının Gənclər üzrə Məşvərət Şurasının üzvü seçilib.

Çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Azərbaycanda əhalinin 66 faizini 35 yaşına qədər gənclər təşkil edir. O qeyd edib ki, Azərbaycan olduqca tolerant ölkədir və belə bir ölkədə bu kampaniyanın keçirilməsi yaxşı töhfələr verə bilər”.

Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov da Azərbaycanın tolerantlıq nümunəsi olmasından və gənclərin fəaliyyətindən bəhs edib: “Azərbaycan unikal ölkədir, Avropa ilə Asiya arasında strateji mövqedə yerləşir. Biz eyni zamanda Avropa Şurasına və İslam Əməkdaşlıq Təşkilatının üzvüyük. Azərbaycanda bütün dinlər eyni şəraitdə və mehriban ünsiyyətdə yaşayır”.

Avropa Şurası Təhsil və Təlim Komitəsinin sədri Rui Gomes Avropa Şurasının bu tipdə keçirdiyi digər çoxsaylı kampaniyalardan danışıb. O, belə bir kampaniyaya dəstək verdiyi üçün Azərbaycan dövlətinə minnətdarlığını bildirib.

Forum zamanı ekspertlərin və milli kordinatorların iştirakı ilə panel görüşləri və qrup işlərinin həyata keçirilməsi planlaşdırılır. Forumun yekununda keçirilən görüşlərin nəticələrinin müzakirə edilməsi, gələcək fəaliyyətlə bağlı fikir mübadiləsi və ölkələr arasında təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.

Forum sentyabrın 29-a qədər davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR