Sergey Lavrov: "Suriyada kimyəvi silahlara beynəlxalq nəzarət tətbiq olunsa, dərhal Dəməşqlə işə başlayırıq”

Sergey Lavrov: "Suriyada kimyəvi silahlara beynəlxalq nəzarət tətbiq olunsa, dərhal Dəməşqlə işə başlayırıq”
# 09 sentyabr 2013 18:26 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Con Kerrinin “Suriya malik olduğu bütün kimyəvi silahlar üzərində nəzarəti beynəlxalq ictimaiyyətə versə, bu ölkəyə qarşı hərbi əməliyyat keçirilməyə bilər” bəyanatını şərh edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN başçısı Con Kerrinin bəyanatını belə şərh edib:

“Biz bu gün Suriya xarici işlər naziri Valid Müallemlə danışıqlar apardıq. Danışıqlar bitdikdən sonra məlum oldu ki, ABŞ dövlət katibi Con Kerri “Suriya malik olduğu bütün kimyəvi silahlar üzərində nəzarəti beynəlxalq ictimaiyyətə versə, bu ölkəyə qarşı hərbi əməliyyat keçirilməyə bilər” bəyanatı ilə çıxış edib. Suriya Ərəb Respublikasının bununla razılaşıb-razılaşmayacağını bilmirik. Əgər bu ölkədə kimyəvi silahlar üzərində beynəlxalq nəzarət tətbiq olunarsa, biz dərhal Dəməşqlə işə başlayırıq. Suriya hökumətini təkcə kimyəvi silahlar üzərinə beynəlxalq nəzarətin tətbiq olunması ilə deyil, həmin silahların məhv edilməsi, hətta Kimyəvi silahların qadağası Təşkilatına tam qoşulmağa razılıq verməyə çağırırıq”.

Rusiyanın təklifinin hal-hazırda Moskvada olan Suriya xarici işlər naziri Valid Muallemə verildiyini deyən Lavrov tez bir zamanda Dəməşqdən müsbət cavab gözlədiklərini bildirib.

Qeyd edək ki, bu gün ABŞ dövlət katibi Con Kerri britaniyalı həmkarı Uilyam Heyqlə görüşdən sonra Suriya probleminin yalnız siyasi yollarla həllinin mümkün olduğunu anladıqlarını bildirib: “Suriya malik olduğu bütün kimyəvi silahlar üzərində nəzarəti beynəlxalq ictimaiyyətə versə, bu ölkəyə qarşı hərbi əməliyyat keçirilməyə bilər. Hərb yol yoxdur, biz bu barədə illüziya qurmuruq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR