Ötən ay Azərbaycanın dövlət sərhədini pozan 32 nəfər saxlanılıb

Ötən ay Azərbaycanın dövlət sərhədini pozan 32 nəfər saxlanılıb
# 14 yanvar 2014 08:10 (UTC +04:00)

DSX-nin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, xidmət tərəfindən 2013-cü ilin dekabr ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib.


Ay ərzində dövlət sərhədini pozduqları üçün 27 halda 32 nəfər saxlanılıb. Onların 12 nəfəri Azərbaycan, 10 nəfəri Özbəkistan, 4 nəfəri Gürcüstan, 2 nəfəri Tacikistan, 2 nəfəri Nigeriya, 1 nəfəri İran İslam Respublikası, 1 nəfəri Ukrayna vətəndaşı olub. Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 6 halda 10 nəfər, Xəzər dənizində 20 halda 23 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.


Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 210 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 11 halda 11 kiloqram 493 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 53 halda ümumi dəyəri təqribən 153 380 manat olan qaçaqmal, o cümlədən 2 ədəd 16 mm-lik tüfəng , 80 qutu piston, 3 ədəd pnevmatik tapança, 1600 ədəd pnevmatik patron, 27 683 ədəd pirotexniki vasitə, 1000 qram qızıl, 16 ədəd qızıl zinət əşyası, 1879 qutu siqaret, 2 ədəd qayıq, müxtəlif növ dərman preparatları, spirtli içki, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR