Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəllimlərin əməkhaqqı problemləri ilə bağlı tədqiqat aparır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəllimlərin əməkhaqqı problemləri ilə bağlı tədqiqat aparır
# 18 aprel 2014 10:42 (UTC +04:00)

Bakı. Jalə Məmmədli - APA. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda təhsil sistemində pedaqoji kadrların çoxluğu ilə bağlı məsələyə münasibət bildirib.

APA-nın verdiyi məlumata görə, S. Müslümov jurnalistlərə açıqlamasında deyib ki, təhsil sahəsində əməkhaqqı problemləri ilə bağlı ciddi tapşırıqlar verib.

S. Müslümov bu istiqamətdə nazirliyin Əmək və Sosial Problemlər Elmi Tədqiqat Mərkəzinin ciddi tədqiqat apardığını nəzərə çatdırıb: "Bu tədqiqatların nəticələri ortaya çıxdıqdan sonra bu istiqamətdə müəyyən fikir yürütmək olar. İşçi qüvvəsinin iş prosesində istifadə əmsalı tədqiq olunmalıdır. Bu gün müəllimlərin həftəlik tədris yükü nə qədərdir və dünyanın başqa ölkələrində necədir, buna uyğun əməkhaqqı hansı səviyyədədir və həmin sferada məşğulluq hansı səviyyədədir? Əgər bu gün birdən-birə tədris yükünün iki dəfəyə qədər qaldırılması baş verərsə, bu halda buna uyğun olaraq əməkhaqqı nə qədər artırılmalıdır? Ortaya çıxacaq işsizlərdən hansı sahələrdə əmək resursları kimi istifadə imkanları ortaya çıxa bilər? Bu sualların hamısına cavab tapılmalıdır, tədqiq olunmalıdır. Mənə ilkin olaraq belə məlumat veriblər ki, əsas məsələlərdən biri ölkədə mövcud olan çoxsaylı müəllim kadrların işlə təmin olunmasıdır. Müəllimlərin əməkhaqqı və tədris yükü məsələləri ikinci növbəyə keçib, nəticədə belə böyük müəllim ordusu yaranıb. Bu məsələlər kompleks şəkildə tədqiq olunmalıdır. Bundan sonra ümumi fikir söyləmək olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR