Azərbaycan hökuməti «İnsan alveri qurbanlarının repatriasiya Qaydaları»nı təsdiq edib

Azərbaycan hökuməti «İnsan alveri qurbanlarının repatriasiya Qaydaları»nı təsdiq edib
# 20 sentyabr 2013 08:47 (UTC +04:00)

Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Qaydalar insan alverinin qurbanı olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin repatriasiyası məsələlərini tənzimləyir. Qaydalara əsasən, insan alverinin qurbanına öz vəziyyətini bərpa etmək, cinayətkarların təsirindən yayınmaq və cinayət təqibi orqanları ilə əməkdaşlıq etmək barədə düşünülmüş qərar qəbul etmək üçün 30 gün bərpa və fikirləşmə müddəti verilir. Bu müddətdə həmin şəxs təhlükəsizlik və müdafiə ehtiyaclarının təmin edilməsi, fiziki, psixoloji və sosial vəziyyətinin bərpası üçün xüsusi müəssisələrin xidmətlərindən istifadə edə bilər. Bərpa və fikirləşmə müddətində insan alverinin qurbanına Azərbaycanın hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilmir. Bərpa və fikirləşmə müddəti başa çatdıqdan sonra insan alverinin qurbanı olmuş əcnəbi və vətəndaşlığı olmayan şəxslərə onların istəyi ilə 1 il müddətinə müvəqqəti yaşama icazəsi verilir. Bərpa və fikirləşmə müddəti başa çatdıqdan sonra, yaxud müvəqqəti yaşama icazəsi dövründə qurbanlar Azərbaycanın hüdudlarını tərk etmək arzusunda olduqda, onların repatriasiyası həyata keçirilir. Repatriasiya ediləcək qurbanların müvafiq sənədləri (şəxsiyyətini təsdiq edən sənəd, yol sənədləri və s.) olmadıqda, həmin sənədlərin qanunla müəyyən edilmiş qaydada əldə edilməsi istiqamətində müvafiq tədbirlər yerinə yetirilir. Onların nəqliyyat və repatriasiya ilə bağlı digər zəruri xərclərinin ödənilməsinə köməklik göstərilir.

Qaydalarda qurbanların repatriasiya zamanı risk və təhlükə dərəcəsinin qiymətləndirmə meyarları, bu prosesin keçirilməsi, konfidensiallığın qorunması, habelə insan alverinin qurbanı olan uşaqların repatriasiyası, bu işlərin həyata keçirilməsi zamanı müvafiq qurumların işinin koordinasiyası və s. məsələlər də əksini tapıb. Qaydalar qurbanların repatriasiya prosesinə, insan alverinə qarşı mübarizə sahəsində peşəkarlaşmış və ixtisaslı qeyri-hökumət təşkilatları cəlb edilməsinə də icazə verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR