Milli QHT Forumu: Devid Kremerin Azərbaycana qarşı sanksiya tələbi ilə Avropa Birliyinə müraciət etməsi xalqımıza hörmətsizlikdir - YENİLƏNİB

Milli QHT Forumu: Devid Kremerin Azərbaycana qarşı sanksiya tələbi ilə Avropa Birliyinə müraciət etməsi xalqımıza hörmətsizlikdir - <span style="color: red;">YENİLƏNİB
# 14 oktyabr 2013 09:33 (UTC +04:00)

Bakı – APA. "Freedom House" beynəlxalq hüquq-müdafiə təşkilatı Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədar neqativ mövqe sərgiləyib”. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Milli QHT Forumunun yaydığı bəyanatda bildirilir.

Qeyd olunur ki, oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkilərini ümumilikdə 1400-ə qədər əcnəbi və 50 mindən artıq yerli müşahidəçi izləyib: “Avropa Parlamenti, AŞPA, ATƏT, Asiya ölkələri Siyasi Partiyalar İttifaqı, MDB, Türk PA və digər beynəlxalq müşahidəçi missiyaları ilkin hesabatlarında prezident seçkilərinin yüksək səviyyədə təşkil edildiyini, onun demokratik və şəffaf şəkildə keçirildiyini vurğulayıblar. Çoxsaylı yerli və xarici müşahidə missiyalarının 9 oktyabr seçkiləri ilə bağlı səsləndirdikləri müsbət fikir və rəylərə baxmayaraq, "Freedom House" beynəlxalq hüquq-müdafiə təşkilatının sədri Devid Kremerin bütün etik normaları tapdayaraq, Azərbaycandakı seçkilərə qarşı açıq qərəz nümayiş etdirməsi ölkənin ən iri QHT koalisiyası olaraq bizi narahat etməyə bilməz”.

Milli QHT Forumu hesab edir ki, geniş rəqabətlilik və çoxsaylı əcnəbi və yerli müşahidəçilərin iştirakı ilə keçən 9 oktyabr prezident seçkilərinin nəticələrinə verilən hansısa ədalətsiz qiymətlə razılaşmaq sadəcə mümkün deyil: “Azərbaycan əhalisinin müxtəlif təbəqələrinin seçki günü öz iradələrini nümayiş etdirərək istədikləri namizədə səs verməsinə görə heç bir beynəlxalq qurum dövlətimizi və seçki institutlarımızı qınaya bilməz. Hesab edirik ki, Azərbaycan seçicisinin rəyi hər bir kənar mövqedən qat-qat üstündür. Bu baxımdan "Freedom House" kimi ölkəmizə qarşı həmişə qərəzli və ədalətsiz münasibəti ilə tanınan təşkilatın rəyinə də ciddi yanaşmağa dəyməz. "Freedom House"un rəhbəri Devid Kremerin dövlətimizə qarşı sanksiya tələbi ilə Avropa Birliyinə müraciət etməsi Azərbaycan xalqına hörmətsizlikdir. Bir daha bəyan edirik ki, 9 oktyabr prezident seçkiləri azad, ədalətli, şəffaf və demokratik ölkələrdə tətbiq edilən seçki standartlarına uyğun səviyyədə həyata keçirilib və onun nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir”.

QHT Əməkdaşlıq Alyansı da məsələ ilə bağlı etiraz bəyanatı qəbul edib. Bəyanatda deyilir ki, Devid Kremerin Avropa Birliyinə bu müraciəti onun hazırda rəhbərlik etdiyi təşkilatın Azərbaycana qarşı qərəzli münasibətinin davamıdır: “QHT Əməkdaşlıq Alyansı 2013-cü il Prezident seçkilərinin uzunmüddətli müşahidəsini həyata keçirib və kiçik istisnalar olmaqla, seçkiöncəsi vəziyyətin qənaətbəxş olduğunu, hökumət tərəfindən namizədlərə bərabər imkanlar, media və vətəndaş cəmiyyəti institutlarına sərbəst şəraitin yaradıldığının şahidi olub. Biz "Freedom House" təşkilatını Azərbaycan xalqının çoxluğunun mövqeyinə hörmət etməyə, hüquq-müdafiə təşkilatı kimi öz vəzifələrinə məsuliyyətlə yanaşmağa, Azərbaycan seçicilərinin hüquqlarını pozmamağa çağırırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR