Bakıda Azərbaycan-Niderland biznes forumu keçirilib

Bakıda Azərbaycan-Niderland biznes forumu keçirilib
# 21 noyabr 2013 12:24 (UTC +04:00)

Forum İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə baş tutub.


«APA-Economics»in məlumatına görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən sənaye, gəmiqayırma, konsaltinq, logistika və s. sahələrdə fəaliyyət göstərən 50-ə yaxın şirkətin nümayəndəsi iştirak edib.


Forumda çıxış edən İqtisadiyyat və Sənaye Nazirliyinin Aparat rəhbəri Samir Vəliyev Azərbaycanla Niderland arasında əlaqələrin inkişaf etdiyini deyib və bildirib ki, hər iki ölkə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verir: «Azərbaycanla Niderland arasında iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün ölkələrimiz böyük potensiala malikdir. İndiyədək Azərbaycan və Niderland arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair bir sıra sənədlər imzalanıb».


Nazirlik rəsmisi qeyd edib ki, Azərbaycan Niderlandın su ehtiyatlarının idarə olunması, sel və subasmaya qarşı mübarizə təcrübəsindən yararlana və bu sahədə bu ölkə ilə əməkdaşlıq edə bilər: «Hazırda Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində Niderland sərmayəli şirkətlər uğurla fəaliyyət göstərir. İki ölkə arasındakı investisiya dövriyyəsi 2 mln. dollara çatıb».


S.Vəliyev niderlandlı qonaqlara Azərbaycan iqtisadiyyatı, ölkəmizdə həyata keçirilən iri layihələr barədə də geniş məlumat verib. O qeyd edib, Azərbaycanda əlverişli biznes və investisiya mühiti yaradılıb: «Əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan geniş tranzit imkanlarına malikdir».


Nazirliyin Aparat rəhbəri Niderlan şirkətlərinin bu imkanlardan yararlana biləcəklərini qeyd edib, biznes forumların, işgüzar görüşlərin və sahibkarların iştirakı ilə keçirilən digər tədbirlərin iqtisadi əlaqələrin inkişafında xüsusi əhəmiyyətini vurğulayıb.


Niderlandın Rotterdam şəhərinin meri Əhməd Əbutalib isə Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, rəhbərlik etdiyi şəhərin əsas iqtisadi sahələri barədə məlumat verib. O, azərbaycanlı sahibkarları Rotterdam şəhərinin iş adamları ilə fəal əməkdaşlığa dəvət edib.


Azpromo-nun rəhbəri Rüfət Məmmədov və Niderland İxracın Təşviqi Şurasının Mərkəzi və Şərqi Avropa üzrə regional meneceri Villemiek Evertsin Azərbaycan və Niderlandın biznes və investisiya mühiti barədə təqdimatlarla çıxış ediblər. Sonda Niderland şirkətlərinin təqdimatları dinlənilib, Rotterdam şəhərinə dair video çarx nümayiş olunub, iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR