Azərbaycan və Slovakiya arasında ikiqat vergitutma ilə bağlı sənəd imzalanacaq

 Azərbaycan və Slovakiya arasında ikiqat vergitutma ilə bağlı sənəd imzalanacaq
# 19 mart 2014 07:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın vergilər nazirinin birinci müavini Natiq Əmirov Slovakiyanın Maliyyə Nazirliyinin dövlət katibi Vazil Hudak və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, N.Əmirov Azərbaycanın vergi sistemi haqqında qonağa ətraflı məlumat verib, vergi inzibatçılığı və informasiya texnologiyalarının tətbiqi, ƏDV depozit hesabı, vergi ödəyicilərinə göstərilən elektron xidmətlər, elektron hökumət quruculuğu və elektron hökumətdən mobil hökumətə keçidlə bağlı Vergilər Nazirliyi tərəfindən görülən işlər barədə danışıb.

O qeyd edib ki, Azərbaycan ilə Slovakiya arasında həm dövlətlərarası, həm də vergi orqanları arasında əlaqələr inkişaf etməkdədir və iki ölkə arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair saziş çərçivəsində müntəzəm danışıqlar aparılır. Nazir müavini növbəti mərhələdə iki ölkənin vergi orqanları arasında praktiki əməkdaşlığın, o cümlədən vergi inzibatçılığı sahəsində mövcud olan müsbət təcrübələrin öyrənilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkil edilməsinin vacibliyini qeyd edib.

V.Hudak ölkəsinin Azərbaycanla əlaqələrə mühüm əhəmiyyət verdiyini, son illər ərzində qarşılıqlı olaraq yüksək səviyyəli nümayəndə heyətlərinin səfərlərinin təşkil olunduğunu qeyd edib. O bildirib ki, «Azərbaycan və Slovakiya hökumətləri arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya» layihəsi üzrə danışıqlar aparılır və yaxın vaxtlarda onların başa çatdırılması planlaşdırılır.

Görüşdə iki ölkə arasında əməkdaşlığın cari potensialı və inkişaf imkanları üzrə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR