Azərbaycanın Misirdəki səfiri Xurqada şəhərinə işgüzar səfər edib

Azərbaycanın Misirdəki səfiri Xurqada şəhərinə işgüzar səfər edib
# 22 yanvar 2014 13:19 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiri Şahin Abdullayev Misirin Xurqada şəhərinə işgüzar səfər çərçivəsində Misirin Qırmızı dəniz ətrafı vilayətinin qubernatoru general Əhməd Abdulla ilə görüşüb.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş əsnasında Azərbaycanla Misir arasında əlaqələrin daha da gücləndirilməsi, xüsusilə turizm sahəsində əməkdaşlığın artırılması imkanları ətrafında müzakirələr aparılıb.

Səfir Şahin Abdullayev Azərbaycanın sürətli inkişafı, bütün sahələrdə əldə etdiyi nailiyyətləri, vətəndaşlarımızın beynəlxalq turizm səfəri imkanlarının artması və ölkədə turizmin inkişafı üçün həyata keçirilən böyük miqyaslı layihələr haqqında ətraflı məlumat verib.

General Əhməd Abdulla ölkəsi tərəfindən bütün sahələrdə olduğu kimi, turizm sahəsində də Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsinə xüsusi önəm verildiyini və bu xüsusda Misirin aidiyyəti dövlət qurumları arasında məşvərət xarakterli toplantının keçirildiyini qeyd edərək, bu məqsədlə yüksək səviyyəli nümayəndə heyətinin yaxın vaxtlarda Azərbaycana səfər etmək niyyətində olduğunu diqqətə çatdırıb. O, hazırda Azərbaycan turistlərinin Misirə səfərlərinin daha da sadələşdirilməsi yollarına və birbaşa hava uçuşlarının təşkil edilməsi imkanlarına baxıldığını qeyd edib.

Görüş müddətində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR