Türkiyə və Azərbaycan mütəxəssisləri birgə təcrübə mübadiləsi aparacaq

Türkiyə və Azərbaycan mütəxəssisləri birgə təcrübə mübadiləsi aparacaq
# 11 fevral 2014 12:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Türkiyə Xarici İqtisadi Əlaqələr Təşkilatı (DEİK) Türkiyə-Azərbaycan İş Şurasının nümayəndələri ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələr, DEİK-lə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Ş.Mustafayev iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığın inkişaf edərək strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini, ölkələr arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının fəaliyyət göstərdiyini vurğulayıb. O bildirib ki, «Şahdəniz-2», TAP və TANAP layihələri çərçivəsində ölkələr arasında uğurlu əməkdaşlıq həyata keçirilir: «Hazırda Azərbaycanda 2 500-ə yaxın türk şirkəti kənd təsərrüfatı, xidmət, sənaye, ticarət, tikinti, nəqliyyat və s. sahələrdə fəaliyyət göstərir. Azərbaycandakı xarici şirkətlərin 36%-dən çoxunu türk şirkətləri təşkil edir. Türkiyədə isə 1 100-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir».

İqtisadiyyat və sənaye naziri Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin daha da genişlənməsində birgə görüşlərin və biznes forumların əhəmiyyətini qeyd edərək bu sahədə işlərin davam etdirilməsinin vacibliyini bildirib: «2014-cü il Azərbaycanda «Sənaye ili» elan olunub və bu çərçivədə türk iş adamları ölkəmizdə sənaye parkları, regionlarda sənaye məhəllələri, eləcə də aqroparkların, logistika mərkəzləri və emal müəssisələrinin yaradılmasında iştirak edə bilərlər».

Ş.Mustafayev Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşdiyini, ölkəmiz vasitəsilə Rusiya və Mərkəzi Asiya bazarlarına ixrac imkanlarının geniş olduğunu diqqətə çatdırıb.

DEİK sədri Cengiz Gül bu ilin aprel ayından başlayaraq Azərbaycan regionlarının potensialına uyğun olaraq, kənd təsərrüfatı üzrə mütəxəssislərin və investorların iştirakı ilə tədbirlərin keçiriləcəyini qeyd edib: «Bu tədbirlər kənd təsərrüfatı sahəsində Türkiyə və Azərbaycan mütəxəssislərinin birgə təcrübə mübadiləsi aparması, Azərbaycan regionlarının potensialının öyrənilməsi və birgə layihələrin icrası, eləcə də investisiya qoyuluşu baxımından əhəmiyyətlidir».

C.Gül Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində həyata keçiriləcək layihələr barədə türk iş adamlarına məlumat veriləcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR