Ədliyyə orqanlarına işçilərin qəbulu üçün növbəti imtahan keçirilib

 Ədliyyə orqanlarına işçilərin qəbulu üçün növbəti imtahan keçirilib
# 16 noyabr 2013 09:16 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Azərbaycanda ədliyyə orqanlarını kadrlarla komplektləşdirmək üçün növbəti test imtahanı keçirilib. APA-nın məlumatına görə, Ədliyyə Nazirliyi tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə Azərbaycan Texniki Universitetinin idman sarayında keçirilən imtahanı yerli və beynəlxalq müşahidəçilər, eləcə də KİV nümayəndələri izləyib, həmçinin tədbirin gedişi Nazirliyin internet səhifəsi (www.justice.gov.az) vasitəsilə onlayn rejimdə yayımlanıb.

İmtahanda namizədin hüquqi bilikləri, məntiqi nəticələr çıxarmaq qabiliyyəti və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olub. Yekun nəticələrə görə, neçə namizədin müvəffəqiyyət qazandığı məlum deyil.

Qeyd edək ki, namizədlərin imtahanlara mükəmməl hazırlaşmalarına və yüksək nəticələrə nail olmalarına köməklik məqsədilə test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlara dair xülasə, eləcə də namizədin «Yaddaş kitabçası» onlara çatdırılıb, oktyabr ayından isə Ədliyyə Akademiyasında xüsusi proqram əsasında hazırlıq kursu təşkil olunub.

Test imtahanında müvəffəqiyyət qazanan namizədlər söhbət mərhələsində iştirak etmək üçün qanunvericilikdə nəzərdə tutulan sənədlərini 15 iş günü ərzində, saat 09:00-dan 18:00-dək Ədliyyə Nazirliyinin Kadrlar İdarəsinə təqdim etməlidir. Sənədlərin siyahısı Nazirliyin internet səhifəsində yerləşdirilib.

Ədliyyə orqanlarına qulluğa qəbul üçün qanunvericilikdə müəyyən edilən tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaq.

Test imtahanlarının nəticələri haqqında Ədliyyə Nazirliyi və TQDK-nın internet saytlarından, eləcə də (012) 538-01-63, (012) 538-08-15 nömrəli telefonlar vasitəsilə ətraflı məlumat almaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR