«Düyməcik» tamaşası ilk dəfə Azərbaycan dilində nümayiş olunacaq

«Düyməcik» tamaşası ilk dəfə Azərbaycan dilində nümayiş olunacaq
# 20 may 2013 10:26 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva –APA. 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibəti ilə Azərbaycan Dövlət Musiqili Teatrında ilk dəfə olaraq Azərbaycan dilində «Düyməcik» (Qans Xristian Anderson) tamaşası nümayiş olunacaq və uşaqlar üçün təntənəli bayram şənliyi keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Elməddin Dadaşovun quruluşunda göstəriləcək tamaşanın rəssamı Nüşabə Hüseynova, rəqslərin müəllifi Elvira Şahmetova, geyim üzrə rəssamı Nübar Hüseynovadır.

Bir hissəli sehrli nağıl-tamaşa janrında hazırlanan əsərdə Musiqili Teatrın nəzdində fəaliyyət göstərən Yaradıcılıq studiyasının balaca artistləri Fidan Axundova (Düyməcik), Nurhəyat Ötkəm (Sehirli pəri), Qulamrıza Rəngamiz (Köstəpək), Fikrət Tağıyev (Çöl siçanı), Ayşə Məmmədova (Çay balığı), Ədilə Cəfərova (Ana qurbağa), Rəvan Hümbətli (Oğul qurbağa), Kənan Eyvazov (Qaranquş), Seyran Dadaşov (May böcəyi), İslam Əbdül (Şahzadə oğlan) çıxış edəcəklər.

Qeyd edək ki, «Düyməcik» Yaradıcılıq studiyasının sayca üçüncü tamaşasıdır. Bundan əvvəl «Buratino» (A.Tolstoy, A.Rıbnikov), «Şəngülüm, Şüngülüm, Məngülüm» (O.Zülfüqarov) əsərləri ilə tamaşaçılarını sevindirən kollektiv repertuarına «Karlson» (K.Kolozi) əsərini də daxil etməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR