“Azərbaycan Xalq Cümhuriyyəti və Məhəmməd Əmin Rəsulzadə” adlı elmi konfrans keçirilib - FOTO

“Azərbaycan Xalq Cümhuriyyəti və Məhəmməd Əmin Rəsulzadə” adlı elmi konfrans keçirilib - <span style="color: red;">FOTO
# 21 may 2014 09:28 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunan “Azərbaycan Xalq Cümhuriyyəti və Məhəmməd Əmin Rəsulzadə” adlı elmi konfrans keçirilib.

APA-nın məlumatına görə, konfransda çıxış edən institutun direktoru, millət vəkili Gövhər Baxşəliyeva bildirib ki, konfrans Azərbaycanın böyük oğlu, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunub: "Bildiyiniz kimi prezident İlham Əliyev ötən il noyabrın 22-də Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzaladı. Həmin sərəncamdan sonra bir sıra silsilə tədbirlər keçirildi. Elə bugünkü konfrans da həmin tədbirlərin davamıdır. Rəsulzadə Azərbaycanda milli dövlətin qurulmasında müstəsna xidmətləri olan şəxsiyyətdir. O, Azərbaycan xalqının müstəqillik idealının gerçəkləşməsində, Azərbaycan istiqlal ideyalarının geniş yayılmasında böyük rol oynayıb. Onun eyni zamanda böyük siyasi publisistik və ədəbi-nəzəri irsi də var".

Həmin dövr milli dövlətimizin yaranması hər bir azərbaycanlının qürur mənbəyi olduğunu söyləyən institutun direktoru daha sonra 23 ay ərzində Azərbaycan Xalq Cümhuriyyətinin qazandığı uğurlardan bəhs edib: "Şərqdə ilk dəfə parlamentli respublika Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradıldı. AXC 23 ay yaşasa da, həmin dövrdə bütün demokratik normalar bərqərar olunmuşdu. Milli ordunun yaradılması, Bakı Dövlət Universitetinin təsis edilməsi, söz və mətbuat azadlığının bərqərar olması da AXC dövründə əldə olunan uğurlardır. Biz gün də biz həmin yaradılan ənənəni davam etdiririk".

Daha sonra çıxış edən tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, tarix elmləri doktoru, professor Solmaz Tohidi Rüstəmova da Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi fəaliyyətindən, publisistikasından, Azərbaycan Xalq Cümhuriyyətinin əldə etdiyi nailiyyətlərdən danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR