Baş Prokurorluq “Fuad LTD” MMC-dən zərər çəkən məcburi köçkünün iddialarına cavab verib

Baş Prokurorluq “Fuad LTD” MMC-dən zərər çəkən məcburi köçkünün iddialarına cavab verib
# 27 yanvar 2014 15:46 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Baş Prokurorluq “Fuad LTD” MMC-nin qanunsuz əməllərindən zərər çəkən məcburi köçkünün iddialarına cavab verib.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən “Fuad LTD” MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərə yol verməsi barədə cinayət işi üzrə Teymur Əliyev zərərçəkmiş şəxs və mülki iddiaçı qismində tanınıb: “Məlumat üçün bildirirəm ki, “Fuad LTD” MMC tərəfindən Xırdalan şəhərində tikintisi aparılmış binadan 90 kvadrat metr ölçüdə, ümumi qiyməti 34.470 manat olan 2 otaqlı mənzilin alqı-satqısı barədə cəmiyyətlə Teymur Əliyev arasında müqavilə bağlanıb və Teymur Əliyev aldığı mənzilə görə ümumilikdə 14.409 manat ödəniş edib. Hazırda qeyd olunan binanın tikintisini davam etdirən «Abşeron 2013» MMC tərəfindən Teymur Əliyevə dəymiş ziyanın ödənilməsi məqsədilə ona mənzil verilməsi təklif olunub, lakin sonuncu həmin təklifi rədd edərək ödədiyi pulun geri qaytarılmasını tələb edib. Zərərçəkmişin tələbi ilə əlaqədar «Abşeron 2013» MMC tərəfindən Teymur Əliyevə dəymiş ziyanın ödənilməsi təmin ediləcək”.

Qeyd edək ki, Baş Prokurorluq bir müddət əvvəl “Fuad LTD” MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə məlumat yayaraq həmin şirkətdən zərərçəkənlərin hamısına dəymiş ziyanın ödənildiyini qeyd edib. Lakin şirkətin qanunsuz əməllərindən zərər çəkən məcburi köçkün T. Əliyev mətbuata açıqlama verərək ona dəymiş ziyanın ödənilmədiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR