Polşada dəfn olunmuş Azərbaycanlı zabitlərin məzarları ziyarət edilib

Polşada dəfn olunmuş Azərbaycanlı zabitlərin məzarları ziyarət edilib
# 01 noyabr 2013 01:52 (UTC +04:00)

Bakı-APA. Polşada dəfn olunmuş Azərbaycanlı zabitlərin məzarları ziyarət edilib. Azərbaycanın Polşadakı səfirliyindən APA-ya verilən xəbərə görə, 2013-cü il oktyabrın 31-də azərbaycanlı zabit Vəli bəy Yadigarın doğum günü ilə əlaqədar Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşları, Azərbaycan Mədəniyyət Mərkəzi Cəmiyyətinin sədri Şəhla Kazımova və cəmiyyətin üzvləri Varşavanın müsəlman qəbiristanlığında dəfn edilmiş Azərbaycan hərbçisi, Polşa Ordusunun polkovniki Vəli bəy Yadigarın, podpolkovnik İsrafil bəy Yadigarın və Azərbaycan Demokratik Respublikasının Ədliyyə və Xarici İşlər Nazirliklərində çalışmış Krıçinskilər ailəsinə mənsub qəbirləri ziyarət edib, məzarların üstünə əklillər qoyublar.

Vəli bəy Yadigar 1918-1921-ci illərdə Azərbaycan Milli Ordusunda və 1922-ci ildən Polşa Milli Ordusunda zabit rütbəsində xidmət edib. Azərbaycanın görkəmli hərbçisi Vəli bəy Yadigar Polşanın ağır günlərində göstərdiyi şücaətə görə Polşada polkovnik rütbəsinə layiq görülüb və Hitler Almaniyasının Polşanı zəbt edərkən gizli hərbi müqavimət briqadası yaradaraq qəsbkarlara qarşı vuruşub. Bildirilib ki, Vəli bəy Yadigar 1945-ci ildə İtaliyadan Böyük Britaniyaya və daha sonra 1949-cu ildə Argentinaya mühacirət edib.

V. Yadigar 1971-ci il dekabrın 13-də Buenos-Ayresdə vəfat etmişdir və onun vəsiyyətinə əsasən cənazəsi 1990-cı ildə Polşaya gətirilərək müsəlman ənənəsi və hərbi protokol qaydaları ilə yenidən dəfn edilmişdir. Vəli bəy Yadigarın vəsiyyətinə əsasən onun məzarının üstündə milliyyətçə azərbaycanlı olduğu qeyd olunmuşdur.

Azərbaycanlı hərbçi İsrafil bəy Yadigar da Polşa ordusunda xidmət etmişdir. Belə ki, İ. Yadigar Polşa Ordusunun 29-cu piyada diviziyasında mayor rütbəsi, daha sonra isə 11-ci süvari polkunda podpolkovnik rütbəsi ilə xidmət göstərmişdir.

Görkəmli hərbçilərin göstərdikləri şücaətlər qeyd edilmiş, onların Azərbaycanın adını ucaldan insanlar olduqları bildirilmişdir. Qeyd edilmişdir ki, 21 iyun 2013-cü ildə Vəli bəy Yadigarın 1939-cu ildə tədris və ixtisasartırma bölməsinin direktoru vəzifəsində fəaliyyət göstərdiyi Qrudzyonts şəhərində yerləşən Ali Suvari Məktəbində xatirə lövhəsinin açılışı olmuşdur.

Həmçinin Azərbaycan Demokratik Respublikasının quruculuğunda böyük xidmətləri keçmiş Krıçinskilərin də xatirəsi yad edilmişdir. Bildirmişdir ki, 1918-1920-ci illərdə Olqierd Krıçinski Azərbaycan Demokratik Respublikasının Ədliyyə Nazirinin müavini və Leon Krıçinski Xarici İşlər Naziri müavini vəzifələrində çalışmışdırlar. Krıçinski qardaşlarına Azərbaycan Demokratik Respublikasının qurulmasında verdikləri töhfəyə görə 26 may 2013-cü ildə Qdansk şəhərində xatirə lövhəsinin açılışı olmuşdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR