Maarifçi Tələbə Kredit Fondunun ilk kreditləri təqdim olunub

Maarifçi Tələbə Kredit Fondunun ilk kreditləri təqdim olunub
# 30 iyun 2016 13:12 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Təhsil Nazirliyində Maarifçi Tələbə Kredit Fondunun ilk kreditlərini alan tələbələrə sertifikatların təqdim olunması mərasimi keçirilib. APA-nın xəbərinə görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Maarifçi Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud, ali təhsil müəssisələrinin rəhbərləri və tələbələr iştirak ediblər.

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış Maarifçi Tələbə Kredit Fondunun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. Onun sözlərinə görə, bu layihə bir sıra ali təhsil müəssisələrinin iştirakı ilə həyata keçirilir: “Ölkədə hər il 33% tələbə ali məktəblərdə dövlət hesabına təhsil almaq hüququ qazanır. Ali təhsilə olan marağın dəstəklənməli olduğunu deyən nazir qeyd edib ki, bəzi tələbələrin təhsil aldıqları dövrdə ailələrinin sosial-iqtisadi vəziyyəti dəyişə, təhsil haqlarının ödənməsində müəyyən problemlər ortaya çıxa bilər. Bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da təhsil kreditlərinin tətbiq edilməsi tələbələrin təhsil haqqını ödəməkdə yaranan çətinliklərini aradan qaldıracaq”.

Maarifçi Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud bildirib ki, fondun I sessiyası artıq başa çatıb. Bu prosesin iyunun 3-dən iyunun 25-dək davam etdiyini deyən R.Mahmud qeyd edib ki, bu müddət ərzində fonda tələbələr və valideynlərdən 300-dən artıq müraciət daxil olub: “Lakin fondun qoyduğu şərtlər çərçivəsində 55 müraciətə baxılıb. Tələbələrdən isə fondun meyarlarına cavab verən 22 nəfərlə müqavilə imzalanıb. Təqdim olunan standart və güzəştli kredit paketlərinin 10-u standart, 12-si isə güzəştli olub”.

Onun sözlərinə görə, mənfi cavab alan tələbələr iki qrupa bölünüb. Bunlar akademik göstəricisi 71-dən aşağı olanlar olub. Bu kateqoriyadan olanlar 10 nəfərdir. Valideynlərinin kredit tarixçələrində olan sənədləşmə uyğunsuzluğu olanlar kateqoriyasına isə 8 nəfər daxildir.

Sonra təhsil naziri Maarifçi Tələbə Kredit Fondunun ilk təhsil krediti ayırdığı bir qrup tələbəyə müvafiq sertifikatları təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR