Adil Qeybulla: “Təəssüf ki, Qubad İbadoğlunun Müsavatdan çıxarılması ilə bağlı tanınmış partiya üzvlərinin rəhbərliyə müraciəti hələ də cavabsız qalıb”

Adil Qeybulla: “Təəssüf ki, Qubad İbadoğlunun Müsavatdan çıxarılması ilə bağlı tanınmış partiya üzvlərinin rəhbərliyə müraciəti hələ də cavabsız qalıb”
# 09 mart 2015 09:41 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Divanının sabiq üzvü, professor Adil Qeybulla deyib.

O bildirib ki, fevralın 9-da təxminən 11 bənddən ibarət bəyanat Müsavatın tanınmış üzvləri tərəfindən imzalanaraq, partiya rəhbərliyinə təqdim olunub: "Bəyanatda Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlunun partiyadan kənarlaşdırılmasının Nizamnaməyə zidd olduğu və bu istiqamətdə təcili tədbirlərin görülməsi tələb olunub. Təəssüflər olsun ki, nə müraciətə cavab verildi, nə də hər hansı tədbir görüldü. Bu onu göstərir ki, partiyanın həyatında mühüm rolu olmuş şəxslərin müraciətinə tam etinasız yanaşılır. Hər halda sonuncu dəfə bəyan etmək istəyirik ki, bu məsələ ilə bağlı bizə konkret cavab verilsin. Belə biganəlik davam edərsə, yəqin ki, adekvat addımlar atacağıq. Yekun qərarımızı müzakirələrdən sonra verəcəyik”.

Müsavatın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Sevinc Hüseynova isə A. Qeybullanın fikirləri ilə razılaşmayıb.

O deyib ki, Müsavat rəhbərliyi bəyanata münasibət bildirməyi lazım bilməyib: “Qubad İbadoğlunun Müsavatdan çıxarılmasının Nizamnaməyə zidd olduğunu hesab edirdilərsə, bəyanatın bir nüsxəsini də MNTK-ya göndərərdilər. Onlar ümumi bəyanat veriblər ki, Qubad İbadoğlu partiyadan çıxarılmamalı idi. Müsavat rəhbərliyi isə bu bəyanata münasibət bildirməyi əhəmiyyətli saymayıb. Adil Qeybulla məsələni qəlizləşdirir. Qubad İbadoğlu ilə bağlı ən düzgün şikayəti Tural Abbaslı edib. O, bir müsavatçı kimi MNTK-ya müraciət etmişdi ki, Qubad İbadoğlunun partiyadan çıxarılmasını düzgün saymır və bu məsələnin araşdırılmasını xahiş etmişdi. Biz də ona sorğu göndərmişik ki, ərizədə göstərdiyi bəzi məqamları aydınlaşdırsın.

Maraqlısı budur ki, Adil Qeybulla, Vurğun Əyyub və Qubad İbadoğlu partiyanın seçilmiş orqanlarını legitim hesab etmirlər. Əgər legitim hesab etmirlərsə, nə gözləyirlər?”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR