Bakı Ali Neft Məktəbində Elmi Şuranın iclası Milli Qurtuluş gününə həsr olundu

Bakı Ali Neft Məktəbində Elmi Şuranın iclası Milli Qurtuluş gününə həsr olundu
# 12 iyun 2015 08:18 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbində (BANM) 2014-2015-ci tədris ili üzrə BANM-in Elmi Şurasının son iclası keçirilib.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, rektor Elmar Qasımov 2014-2015-ci tədris ilinin son iclasının 15 iyun – Milli Qurtuluş gününə həsr olunduğunu bildirib. Elmar Qasımov deyib ki, hər bir xalqın tarixində onun müstəqillik, milli azadlıq uğrunda apardığı mübarizənin böyük rolu var. Bu müstəqillik və azadlıq isə heç də asan qazanılmır, bütün xalqlara və millətlərə qismət olmur, çünki müstəqilliyi qazanmaqla yanaşı, onu həm də qoruyub saxlamaq vacib şərtdir. E. Qasımov Azərbaycan xalqının öz müstəqilliyinə, ölkədə sabitliyə məhz 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qovuşduğunu vurğulayıb: “Məhz Heydər Əliyevin bu müdrik addımı nəticəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Heydər Əliyevin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, ölkədə sabitlik və əmin-amanlıq yaratdı”.

Heydər Əliyevin o zaman atdığı müdrik və uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycanın regionda müstəqil güclü dövlətə çevrildiyini deyən E.Qasımov Azərbaycan prezidenti İlham Əliyevin ulu öndərin ideyalarının davamçısı olduğunu bildirib.

Elmar Qasımov Azərbaycanda Avropa Oyunlarının açılışını xatırladaraq, bütün dünyanın, o cümlədən siyasi-ictimai dairələrin, tanınmış ictimai xadimlərin, müxtəlif ölkələrdən gələn çoxlu sayda idmançının və dünyanın bütün aparıcı KİV nümayəndələrinin qatılacağı tədbirin ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Azərbaycanın bu yarışlara ev sahibliyi etməsinin ölkəmizin təbliği üçün bir vasitə olduğunu qeyd edib. Rektor bu beynəlxalq tədbirdə Bakı Ali Neft Məktəbinin tələbələrinin də könüllü kimi iştirak edəcəklərini deyib.

Sonra rektor Elmar Qasımov 2014-2015-ci tədris ilinin yekunları ilə bağlı danışıb. O, BANM-in qısa zaman ərzində böyük inkişafa nail olduğunu, bu istiqamətdə işlərin sürətlə və keyfiyyətlə aparıldığını deyib. E. Qasımov bildirdi ki, Ali Məktəbin quruculuğu yönündə aparılan işlərin ilk mərhələsini sona çatmış hesab etmək olar. Bununla belə, BANM-də quruculuq işləri davam edir və edəcək. Ali Məktəbin bu tədris ili ərzində uğurlarından danışan rektor Elmar Qasımov bu il BANM-in İSO –nun üç istiqaməti üzrə beynəlxalq sertifikata sahib olmasını ən uğurlu hadisələrdən biri kimi qiymətləndirib. O, bu uğurun həm Ali Məktəbin, həm də tələbələrin olduğunu deyib. Rektor Elmar Qasımov qarşıdan gələn 2015-2016-cı tədris ilinin də uğurla başlanacağına, BANM-in yeni tədris ilində daha yeni uğurlara imza atacağına əminliyini ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR