«Fitch Ratings» agentliyi Azərbaycanın reytinqini əvvəlki səviyyədə saxlayıb

«Fitch Ratings» agentliyi Azərbaycanın reytinqini əvvəlki səviyyədə saxlayıb
# 29 aprel 2013 11:35 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Fitch Ratings» beynəlxalq reytinq agentliyi Azərbaycanın suveren reytinqini əvvəlki kimi «sabit» proqnozla «BBB-» səviyyəsində təsdiq edib. «APA-Economics»in xəbər verdiyi kimi, Agentliyin məlumatında deyilir ki, reytinqin təsdiqlənməsi bir tərəfdən güclü dövlət balansı, yüksək neft gəlirləri, aşağı dövlət borcu, digər tərəfdən isə neftdən yüksək asılılığı və idarəetmənin zəif keyfiyyətini əks etdirir.

Məlumata əsasən, son bir neçə il ərzində dövlət maliyyəsi sahəsində iri profisit müşahidə olunur. Dövlət Neft Fondunun vəsaitlərinin həcmi ÜDM-in 50%-ni təşkil edir ki, bu da 2013-cü il səviyyəsində cari xərclərin ən azı iki il ərzində maliyyələşdirilməsi üçün kifayətdir. Bildirilir ki, son illər ərzində dövlət xərcləri sürətlə artıb və 2013-cü ildə ÜDM-in 40%-nə çatacaq. Agentliyin hesablamalarına görə, dövlət xərclərinin yüksək səviyyədə qalması ölkənin maliyyə vəziyyətini ortamüddətli perspektivdə zəiflədə bilər.

Məlumatda deyilir ki, eyni səviyyəli digər neft ölkələrindən fərqli olaraq, Azərbaycanda neft hasilatı pik həddə artıq çatıb və gələcəkdə neft hasilatı yalnız azalacaq. Bu baxımdan, neft gəlirlərinin qorunması və qeyri-neft sektoruna sərmayələrin yatırılması məsələləri daha da aktuallaşır. Qeyd edilir ki, 2012-ci ildə cari əməliyyatlar balansının profisitinin ÜDM-ə nisbəti 21,7%-ə bərabər olub və yaxın iki ildə bu göstərici bir qədər azalsa da, balans müsbət zonada qalacaq.

Agentliyin proqnozlarına görə, 2013-cü ildə ÜDM-in artımı 3,5%, 2014-cü ildə isə 4,5% təşkil edəcək. Eyni zamanda, əsasən yüksək dövlət xərcləri hesabına qeyri-neft sektorunda 2013-cü ildə təxminən 10%-lik artım gözlənilir. Bundan əlavə, neft hasilatının azalması proqnozlaşdırılır.

«Fitch»in ekspertlərinin fikrincə, reytinq üzrə risklər tarazlıdır. O cümlədən, xərclərin artması, neftin ucuzlaşması, güclü daxili siyasi və ya geosiyasi sarsıntı kimi amillər reytinqə mənfi, dövlət maliyyəsi mövqelərinin güclənməsi, biznes mühitinin yaxşılaşması, maliyyə sektorunun güclənməsi və ümumilikdə iqtisadiyyatın diversifikasiyası müsbət təsir göstərə bilər.

Qeyd edək ki, Agentlik öz hesablamalarında neftin qiymətinin 2013-cü ildə orta hesabla 105 dollar, 2014-cü ildə 100 dollar səviyyəsində olacağını nəzərə alıb. Eyni zamanda, Agentlik nəzərə alır ki, Azərbaycanda daxili və regional siyasi sarsıntılar yaşanmayacaq, Ermənistanla münasibətlərdə gərginlik baş verməyəcək və 2013-cü ilin oktyabrına planlaşdırılan prezident seçkiləri insidentsiz keçəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR