Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılıb

Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılıb
# 12 aprel 2013 12:44 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə finalın bir addımlığında qarşılaşacaq rəqiblər müəyyənləşib.


Mərasimdə UEFA-nın birinci katibi Canni İnfantino, yarış direktoru Corcio Marketti və Hollandiya yığmasının ulduzu Ruud van Nistelroy iştirak ediblər. Onlar Avropanın 4 ən güclüsü - İspaniya və Almaniyanın hərəsinin 2 təmsilçisini cütlərə ayırıb.

Püşkün nəticələrinə əsasən, yarımfinalda 2 ölkə təmsilçilərinin dueli olacaq. İlk oyunlara almaniyalılar, cavab matçlarında isə pireneylilər meydan sahibi kimi çıxacaqlar. 2 həftədən sonra keçiriləcək ilk matçlarda “Bavariya” “Barselona”nı, “Borussiya” isə “Real”ı qəbul edəcək. Qrup mərhələsində də üz-üz gələn sonuncular cari mövsümdəki qarşılaşmalarının sayını 4-ə çatdırmış olacaq.

Püşkatma zamanı final oyununun meydan sahibinin kimliyinə də aydınlıq gəlib. İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda baş tutacaq qarşılaşmada nominal meydan sahibi “Borussiya” – “Real” cütünün qalibi olacaq.


Qeyd edək ki, Çempionlar Liqasının yarımfinalında isə ilk görüşlər aprelin 23-24-ü, cavab oyunları həmin ayın 30 və mayın 1-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR