Bakıda Azərbaycan və Polşa Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Bakıda Azərbaycan və Polşa Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
# 12 aprel 2013 14:20 (UTC +04:00)

Bakı – APA. Bu gün Bakıda Azərbaycan və Polşa Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə nazir müavini Xələf Xələfov, Polşa nümayəndə heyətinə isə bu ölkənin xarici işlər nazirinin müavini xanım Katarjına Pelçınska-Nalenç başçılıq edib.

Polşa nümayəndə heyətini salamlayan X.Xələfov iki ölkə arasında münasibətlərin səviyyəsindən məmnunluq ifadə edib. Azərbaycan və Polşa arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu qeyd edən nazir müavini sözügedən səfərin mövcud əməkdaşlığın dərinləşməsinə təkan verəcəyini bildirib, eyni zamanda əməkdaşlığın inkişaf dinamikasının mövcud potensiala cavab vermədiyini diqqətə çatdırıb.

Xanım Katarjına Pelçınska-Nalenç ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsində qarşılıqlı səfərlərin rolunun zəruriliyini vurğulayıb. Azərbaycanın surətlə inkişaf etdiyini söyləyən polşalı rəsmi ölkəmizlə bir çox sahələrdə, xüsusilə enerji, iqtisadi, təhsil və digər sahələrdə əməkdaşlığın dərinləşməsində maraqlı olduqlarını bildirib.

Xələf Xələfov Azərbaycanla Polşa münasibətlərinin tarixi kökə malik olduğunu, bu tarixin iki ölkə arasında mövcud münasibətlərin daha da möhkəmləndirilməsi üçün olduqca vacib bünövrə olduğunu söyləyib. Azərbaycanın Polşa ilə enerji, kənd təsərrüfatı, turizm, sənaye və bir sıra digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdıran nazir müavini ölkəmizin Avropa İttifaqı üçün mühüm partnyor olduğunu bildirib və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı müstəsna rol haqda danışıb.

Regionda davamlı inkişafın təmin edilməsi üçün Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad olunmasının vacibliyini vurğulayan X.Xələfov Ermənistanın münaqişənin həlli istiqamətində konkret addımların atılması üçün lazımi iradəni göstərmədiyini vurğulayıb. Bu baxımdan Avropa dövlətləri tərəfindən Ermənistana təzyiqlərin artırılmasının, işğal edilmiş torpaqların azad olunması üçün konkret addımların atılmasının vacibliyi qeyd edilib.

Polşa xarici işlər nazirinin müavini ölkəmizin ərazi bütövlüyünü dəstəklədiklərini və münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarı olduqlarını vurğulayıb. Görüşdə qarşılıqlı maraq kəsb edən digər beynəlxalq və ikitərəfli məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR