Meksika səfiri BANM-də olub

Meksika səfiri BANM-də olub
# 13 iyul 2016 08:36 (UTC +04:00)

sosial

Bakı-APA. Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Flores Bakı Ali Neft Məktəbində (BANM) olub və rektor Elmar Qasımovla görüşüb.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, görüş zamanı BANM haqqında geniş məlumat verən rektor Elmar Qasımov iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək təhsil sahəsində əməkdaşlığın vacibliyini xüsusi olaraq vurğulayıb. Elmar Qasımov Ali Məktəbin mühəndis kadrların hazırlanmasında tətbiq olunan müasir tədris proqramları və texnologiyaları, tələbələr üçün SOCAR-ın müəssisələrində, Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə, həmçinin yerli müəssisələrdə istehsalat təcrübəsinin təşkili vasitəsi ilə tədris prosesinin təcrübə ilə vəhdətinin səmərəliliyi haqqında bəhs edib. O, Ali Məktəbin öz beynəlxalq əlaqələrinin genişləndirməsində maraqlı olduğunu və Meksikanın neft-qaz, energetika müəssisələri və ali təhsil ocaqları ilə işgüzar əlaqələrin qurulmasına hazır olduğunu bildirib. Rektor BANM-in artıq əcnəbi tələbələrin qəbuluna başladığını qeyd edərək meksikalı tələbələrin Ali Məktəbdə təhsil almaları üçün geniş imkanların mövcud olduğunu vurğulayıb.

Səfir Meksika və Azərbaycan arasında xüsusilə, təhsil və elmi-tədqiqat sahələrində əməkdaşlığın genişləndirilməsi üçün potensial imkanların olduğunu və səfirliyin Meksikanın ali məktəbləri və müəssisələri ilə BANM-in əməkdaşlıq əlaqələrinin yaradılması üçün hərtərəfli dəstək verməyə hazır olduğunu bildirib.

Görüşün sonunda səfirə BANM-in “Fəxri qonaq” diplomu təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR