Qəbələ Beynəlxalq Qran-Pri yarışlarında Azərbaycanı təmsil edən idmançılar gümüş və bürünc medal qazanıblar

Qəbələ Beynəlxalq Qran-Pri yarışlarında Azərbaycanı təmsil edən idmançılar gümüş və bürünc medal qazanıblar
# 21 avqust 2014 10:45 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. “Qəbələ” atıcılıq klubunun təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atıcılıq Federasiyasının dəstəyi ilə Qəbələ rayonunda Heydər Əliyevin xatirəsinə həsr edilən olimpiya atıcılıq növləri üzrə Beynəlxalq Qran-Pri yarışları başa çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Qəbələ rayonunun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksində təşkil edilən yarışın sonuncu günü kişi atıcılar səngər stend üzrə mükafat uğrunda mübarizə aparıblar.

Turnirdə Azərbaycan, Avstraliya, Böyük Britaniya, Belarus, Gürcüstan, Hindistan, İran, İtaliya, Küveyt, Qazaxıstan, Qətər, Finlandiya, Rusiya və Özbəkistan təmsilçiləri iştirak ediblər. Yarışda Qazaxıstan idmançısı Viktor Xasyanov qızıl, rusiyalı Olimpiya çempionu Aleksey Alipov gümüş, Avstraliya atıcısı Jeyk Vallayk bürünc medal qazanıb. Atıcılığın səngər stend növü üzrə yarışda ölkəmizi təmsil edən "Qəbələ" İdman Klubunun vitse-prezidenti, peşəkar atıcı Elvin İsmayılov fərqlənib. O, səngər stend üzrə milli rekordu yeniləyərək, bu yarışlarda finala qədər yüksəlib. Elvin İsmayılov finalda 5-ci yeri tutub. Gənclərin yarışında isə Qazaxıstan təmsilçisi Mark Pochivalov birinci, Azərbaycan atıcıları Əli Hüseynov ikinci, Alimirza Quliyev üçüncü yeri tutub.

Yarışların bağlanış mərasimində "Qəbələ" İdman Klubunun prezidenti Tale Heydərov və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərov, Avropa Atıcılıq Konfederasiyasının üzvləri Petros Kirites və Vilhelm Gril də iştirak edib.

Qeyd edək ki, ümumi mükafat fondu 81000 ABŞ dolları olan yarışda 150-yə yaxın kişi və qadın idmançı dairəvi və səngər stend olimpiya atıcılıq növləri üzrə mübarizə aparıb. Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq keçirilən bu yarış Avropa və Dünya çempionatından sonra ən mühüm yarışlar sırasındadır və ölkəmizdə atıcılıq idman növü üzrə təşkil edilən ilk beynəlxalq turnir idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR