Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə “Tolerant Azərbaycan gənci” layihəsi həyata keçirilir

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə “Tolerant Azərbaycan gənci” layihəsi həyata keçirilir
# 17 mart 2015 14:10 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə “Tolerant Azərbaycan gənci” layihəsi həyata keçirilir. Mərkəzdən APA-ya verilən məlumata görə, “Tolerant Azərbaycan gənci” layihəsi çərçivəsində gənc rəssamların əsərlərindən ibarət sərgi keçiriləcək. Təsviri sənətin rəngkarlıq, qrafika və heykəltaraşlıq növlərində yaradılacaq əsərlərdə ilk dəfə tolerantlıq mövzusuna müraciət olunacaq. Gənc rəssamlar etnik-dini dözümlülüyü özündə ehtiva edən təsviri sənət nümunələri ilə Azərbaycanda müxtəlif etnik və dini qruplar arasında qarşılıqlı anlaşma və ehtiramı nümayiş etdirəcəklər.

“Tolerant Azərbaycan gənci” layihəsi çərçivəsində ilkin olaraq yaradıcı gənclər arasında rəngkarlıq, qrafika, heykəltəraşlıq sahələri üzrə müsabiqə keçiriləcək. Müsabiqəyə müəyyən olunmuş müddət ərzində tolerantlıq mövzusunda işlənilmiş təsviri sənət nümunələri qəbul olunacaq. Müsabiqəyə 16-35 yaş arası yaradıcı gənclər əsərlərini təqdim edə bilərlər.

Əsərlər 30 martın 30-dək Azərbaycan Rəssamlar İttifaqında qəbul olunur.

May ayında Avstriyanın Vyana şəhərində müsabiqənin yekunlarına həsr edilmiş sərgi təşkil ediləcək və “Tolerant Azərbaycan gənci” adlı kataloq nəşr olunacaq. Hər nominasiya üzrə I yerə layiq görülən əsərlərin müəllifləri mükafat olaraq layihə büdcəsi hesabına Vyanada keçiriləcək sərgidə iştirak etmək hüququ əldə edəcəklər. Bundan əlavə, qaliblərə xüsusi diplomlar, sərginin bütün iştirakçılarına isə sertifikatlar təqdim olunacaq. Eyni zamanda sərginin açılış mərasimində Azərbaycanda mövcud olan tolerantlıq video çarxlar və fotolar vasitəsilə də əyani sürətdə nümayiş etdiriləcək.

Layihə çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci kimi dövlət qurumları, yaradıcılıq ittifaqları və gənclər təşkilatları ilə əməkdaşlıq edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR