Azərbaycan Avtomobil Federasiyası “Formula-1” yarışına hazırlıqla əlaqədar Monakoda danışıqlar aparıb

Azərbaycan Avtomobil Federasiyası “Formula-1” yarışına hazırlıqla əlaqədar Monakoda danışıqlar aparıb
# 01 iyun 2015 15:35 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Avtomobil Federasiyasının (AAF) nümayəndə heyəti 2016-cı ildə Bakıda keçiriləcək “Formula-1” Qran-Prisinə hazırlıq çərçivəsində Monako knyazlığına səfər edib.

AAF-dan APA-ya verilən məlumata görə, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov Bakıda keçiriləcək “Formula-1” yarışına aid təşkilati məsələlərin həlli ilə yanaşı, Beynəlxalq Avtomobil Federasiyası ilə bu istiqamətdə işlərin koordinasiyası, həmçinin tarixən keçirilən Monako Qran-Prisi təcrübəsinin öyrənilməsi üzrə danışıqlar aparıb.

Qeyd edilib ki, Monako Qran-Prisi də Bakıda planlaşdırıldığı kimi şəhəriçi ərazidə keçirildiyindən, əsas təşkilati işlərin öyrənilməsi baxımından əhəmiyyətlidir.

Səfər çərçivəsində, həmçinin Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Tod (Jean Todt) ilə də görüş keçirilib. Görüşdə “Formula-1” yarışına hazırlıq, Azərbaycanda avtomobil idmanının inkişafı, yol təhlükəsizliyinin təbliği və digər məsələlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR