Masallı. Ağəddin Babayev – APA. Bu gün Masallı rayonunun Sığdaş kənd sakini, Böyük Vətən Müharibəsinin veteranı, birinci qrup müharibə əlili, 1920-ci il təvəllüdlü Xankişi Babaş oğlu Xancanova “Lifan” markalı minik avtomobilinin açarları təqdim olunub.
APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən tədbir 95 yaşlı müharibə veteranın yaşadığı evdə baş tutub.
Yerli icra strukturlarının və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçən mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək ölkədə Qarabağ müharibəsi veteranlarına, həmçinin ikinci Dünya müharibəsinin iştirakçılarına göstərilən dövlət qayğısından, onların mənzil və məişət şəraitinin yaxşılaşdırılması, digər sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb.
Masallı Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Məmmədağa Şiriyev, Xankişi Xancanovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlət başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar.
Daha sonra icra başçısı R.Hüseynov “Lifan” markalı minik avtomobilinin açarlarını müharibə veteranı Xankişi Xancanova təqdim edib.