Əli Həsənov: «Beynəlxalq təşkilatlar münaqişəni həll edə bilmirsə, çəkilsin kənara, iki qonşu dövlət öz arasında bu məsələni həll etsin»

Əli Həsənov: «Beynəlxalq təşkilatlar münaqişəni həll edə bilmirsə, çəkilsin kənara, iki qonşu dövlət öz arasında bu məsələni həll etsin»
# 23 iyul 2014 10:59 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. «Beynəlxalq təşkilatlar münaqişəni həll edə bilmirsə, çəkilsinlər kənara, iki qonşu dövlət öz arasında bu məsələni həll etsin».

APA-nın məlumatına görə, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ağdam rayonunun Ermənistanın hərbi təcavüzü nəticəsində işğalının 21-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində deyib.

Ə. Həsənovun sözlərinə görə, nə qədər Ermənistandakı rejim dəyişməyib, beynəlxalq təşkilatlar başa düşməlidir ki, danışıqlar nəticə verməyib, verməyəcək.

«Köçəryan, Sərkisyan bizim insanlarımızın qanı üstündə hakimiyyətə gəliblər. Onlar bu məsələnin həllinə gedər? Onlar bu məsələnin həllinə gedən kimi hakimiyyətlərinə son qoyulacaq. Bunu ATƏT-in həmsədr dövlətləri də gözəl bilir», - deyə baş nazirin müavini əlavə edib.

Ə. Həsənov beynəlxalq təşkilatları Azərbaycanla oyun oynamağa son verməyə çağırıb: «Kifayətdir, bizimlə bu cür siyasi oyunlar oynadınız. Doğrudan da, ermənilər insan kimi yaşamaq, Azərbaycanın imkanlarından bəhrələnmək, azərbaycanlılarla qonşuluq etmək istəyirlərsə, o rejimdən azad olmalıdırlar. Əks halda, problemin həlli yoxdur. Mən dəfələrlə beynəlxalq təşkilatlara demişəm ki, “Problemi kimin törətdiyini yaxşı bilirsiniz. Siz bilirsiniz, məsələnin həllinə mane olan kimdir. Problemi həll etməyə gücünüz çatmırsa, gedin Ermənistan məsələsini həll edin. Ona gücünüz çatmırsa, erməni diasporundan qorxursunuzsa, onda çəkilin kənara, iki ölkəni, iki xalqı qoyun qarşı-qarşıya, heç bir insident olmayacaq”. Yalandan deyirlər ki, qıracaqlar bir-birini. Heç nə olmayacaq, biz Allah tərəfindən qonşuluqda yaşamağa məhkum edilmişik. Torpağı götürüb aparmaq mümkün deyil. Yüz illərdir, qonşu kimi yaşamışıq, yenə yaşayacağıq».

Ə. Həsənov qeyd edib ki, S. Sərkisyan erməni xalqını dilənçi kökünə salıb: «Bir müddət əvvəl Sərkisyanın Avropa Şurasına çıxışına görə biz də utandıq. Nə qədər olmasa, Cənubi Qafqazdanıq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR