Azərbaycanda dərsliklərin monitorinqi ilə bağlı elmi-metodiki seminarlara başlanır

Azərbaycanda dərsliklərin monitorinqi ilə bağlı elmi-metodiki seminarlara başlanır
# 09 oktyabr 2014 10:46 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) oktyabrın 28-dən etibarən dərsliklərin monitorinqi ilə bağlı elmi-metodiki seminarlara başlayır.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bununla bağlı komissiya sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə, Azərbaycan Milli Elmlər Akademiyasına və onun tabe təşkilatlarına, son 12 ildə şagirdləri qəbul imtahanlarında yüksək nəticələr əldə etmiş ümumi orta təhsil müəssisələrinə məktub ünvanlayaraq, həmin qurumların əməkdaşlarını seminarların işində iştirak etməyə, bu sahədə öz təklif və tövsiyələrini verməyə dəvət edib.

TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Göyçay, Ağcabədi və Şirvan regional bölmələrində həmin bölgələrdə işləyən müvafiq fənn müəllimlərinin də iştirakı ilə seminarlar eyni iş qrafiki ilə fəaliyyətə başlayır.

İbtidai təhsil səviyyəsində (I-IV siniflər) istifadə edilən dərsliklər, dərs vəsaitləri və digər tədris vasitələrinin monitorinqi üzrə elmi-metodiki seminarlar oktyabrın 28-dən fəaliyyətə başlayacaq.

Ümumi və tam orta təhsil səviyyələrinin VII, X və XI siniflərində istifadə edilən dərsliklər, dərs vəsaitləri və digər tədris vasitələrinin monitorinqi üzrə elmi-metodiki seminarlar isə 2015-ci ilin yanvar ayından fəaliyyət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR