Müsavat Partiyası iqtidar-müxalifət dialoqunda iştirak etməyəcək

Müsavat Partiyası iqtidar-müxalifət dialoqunda iştirak etməyəcək
# 11 fevral 2015 11:03 (UTC +04:00)

Partiyadan APA-ya verilən məlumatda bildirilib ki, görüşün mahiyyəti müxtəlif cür təqdim edildiyinə, görüşdə müzakirə ediləcək məsələlər əvvəldən razılaşdırılmadığına və görüşün formatının hansı prinsiplərlə müəyyənləşdirildiyi məlum olmadığına görə bu cür qərar verilib.

Məlumatda o da bildirilir ki, Müsavat Partiyası iqtidarın ölkədə fəaliyyət göstərən siyasi partiyalarla, o cümlədən müxalifət partiyaları ilə təmas qurmaq, cəmiyyətdə mövcud olan problemləri müzakirə etmək təşəbbüslərini müsbət dəyərləndirir.

“Bu təşəbbüslərin real nəticələrinin olması üçün müzakirə olunacaq məsələlərin, iştirakçıların formatının tərəflərlə əvvəlcədən müzakirə edilərək razılaşdırılması vacibdir.

Müsavat Partiyası ümummilli məsələlərlə bağlı bütün siyasi qüvvələrin, o cümlədən Azərbaycan hakimiyyəti ilə dialoqa hazır olduğu barədə əvvəllərdə açıqladığı mövqeyə sadiq olduğunu bəyan edir.

Müsavat Partiyası müzakirə ediləcək məsələlərin, müzakirələrdə iştirak edəcək tərəflərin formatının əvvəlcədən müəyyənləşdiriləcəyi və razılaşdırılacağı təqdirdə iqtidarla ümummilli məsələlərə dair müzakirələr aparmağa hazırdır”, - deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, fevralın 12-də Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun iştirakı ilə növbəti iqtidar-müxalifət dialoqu keçiriləcək.

İlk görüş 2014-cü il dekabrın 13-də baş tutub.

Həmin görüşdə ADP sədri Sərdar Cəlaloğlu, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, BAXCP sədrinin müavini Zöhrab Abdullayev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR