Bakıda Azərbaycan-Belarus biznes forumu keçirilib - FOTO

Bakıda Azərbaycan-Belarus biznes forumu keçirilib - <span style="color: red;">FOTO
# 13 mart 2015 08:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Belarus biznes forumu keçirilib.

"APA-Economics"in məlumatına görə, tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maşınqayırma, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərən 60-dan çox iş adamı iştirak edib.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov biznes forumdakı çıxışında Azərbaycan iqtisadiyyatı, eləcə də ölkəmizin Belarus Respublikası ilə ticarət-iqtisadi əlaqələrinə dair məlumat verib. O qeyd edib ki, ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində davamlı və dayanıqlı iqtisadi inkişafa nail olunub, makroiqtisadi sabitlik təmin edilib, əlverişli biznes və investisiya mühiti yaradılıb: "Bunun nəticəsidir ki, xarici iş adamlarının ölkəmizə marağı artır, Azərbaycana yatırılan investisiyaların həcmi çoxalır. Azərbaycanın dayanıqlı iqtisadi inkişafı, eləcə də iş adamlarının artan imkanları ölkəmizi xarici investora çevirmişdir. Bu gün Azərbaycan iş adamları dünyanın bir çox ölkələrində həyata keçirilən layihələrdə uğurla iştirak edir, xarici ölkələrə investisiya yatırır".

R. Məmmədov Belarus iş adamlarını ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, Azərbaycan sahibkarları ilə fəal əməkdaşlığa dəvət edib.

Belarus Ticarət-Sənaye Palatasının Minsk bölməsinin direktoru Aleksandr Fedorçuk ölkəsinin iqtisadiyyatı barədə məlumat verib, iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün ikitərəfli görüşlərin və biznes forumların əhəmiyyətini qeyd edib, belə tədbirlərin davam etdirilməsinin iqtisadi əməkdaşlığın inkişafına, eləcə də yeni əlaqələrin qurulmasına töhfə verəcəyini bildirib.

Biznes forumda AZPROMO-nun nümayəndəsi Zaur Qardaşov Azərbaycanın biznes mühiti və investisiya imkanlarına dair təqdimatla çıxış edib.

Sonra “Minsk” azad iqtisadi zonasının rəhbəri A. Axremçik təqdimatla çıxış edərək Minsk şəhərinin sənaye potensialı və “Minsk” azad iqtisadi zonasının fəaliyyəti barədə məlumat verib.

Biznes forum iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR