Latviyanın sabiq prezidentlərindən biri Azərbaycandadır, digəri isə aprelin 27-də gələcək

Latviyanın sabiq prezidentlərindən biri Azərbaycandadır, digəri isə aprelin 27-də gələcək
# 24 aprel 2013 12:50 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa Azərbaycanda səfərdədir.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Vayra Vike-Freyberqa mayın 6-8-də Bakıda keçiriləcək beynəlxalq Cənubi Qafqaz Forumunun təşkilat komitəsinin həmsədridir. Səfərin məqsədi də məhz tədbirə hazırlıq və forumda iştirakla bağlıdır.

Komitədən o da bildirilib ki, aprelin 27-də isə Latviyanın digər sabiq prezidenti Valdis Zatlers də Azərbaycana gələcək. Valdis Zatlersin də səfərinin əsas məqsədi Cənubi Qafqaz Forumunda iştirak etməkdir.

Qeyd edək ki, Cənubi Qafqaz Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən təşkil olunur. Forumda sabiq dövlət və hökumət başçıları ilə yanaşı, bəzi ölkələrin hazırkı prezident və baş nazirlər, eyni zamanda dünyanın 60-dan çox ölkəsindən 400-ə yaxın beynəlxalq mütəxəssis, nüfuzlu elm və mədəniyyət xadimi iştirak edəcək. Forumun əsas tərəfdaşları isə Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Sülh Mədəniyyəti Fondu, Nobel Oil şirkəti və Qlobal Liderlər Şurasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR