Nazirlik: Azərbaycanda qeysəriyyə kəsiyi əməliyyatına görə əmsal Avropa üzrə orta göstəricilərə uyğundur

Nazirlik: Azərbaycanda qeysəriyyə kəsiyi əməliyyatına görə əmsal Avropa üzrə orta göstəricilərə uyğundur
# 30 iyun 2016 11:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Dünyada qeysəriyyə kəsiyinə görə əmsal 15-50%-dir. Bu gün Azərbaycanda həmin əmsal 19-20% arasındadır. Bu da Avropa üzrə orta göstəricilərə uyğundur”.

APA-nın xəbərinə görə, bunu respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova deyib. Onun sözlərinə görə, qeysəriyyə kəsiyi təbii doğum yolları ilə doğuş baş verə bilməyən hallar üçün göstərişdir. Bu göstərişin həm ana, həm də döl tərəfdən olduğunu deyən S.Məmmədova qeyd edib ki, son illər bu göstərişlərin əksəriyyəti uşaqlıq üzərində olan təkrar çapığa görə seçilir.

O bildirib ki, bütün dünyada olduğu kimi Azərbaycanda qeysəriyyə kəsiyi üçün tibbi strukturda birinci yerdə təkrar çapıq göstərişi dayanır: “Biz çalışırıq ki, bu rəqəmləri aşağı salaq. İlk qeysəriyyə kəsiyindən sonra iki il ərzində hamilə qalmaq olmaz. Bu da uşaqlığın bitişmə qabiliyyətindən çox asılıdır. Bizim gənclər doğuşdan 40 gün sonra hər şeyi yaddan çıxarır, kontraseptik üsullardan istifadə etmir, qadın məsləhətxanalardan məsləhət almır, öz bildiklərini edirlər. Nəticədə hamilə qalaraq risk qrupuna daxil olurlar”.

S.Məmmədova əlavə edib ki, qeysəriyyə kəsiyindən sonra təbii doğuşun aparılması üçün şərtlər var. Onun sözlərinə görə, əgər çapığın qalınlığı müəyyən ölçüdədirsə, qadının əməliyyatdan sonrakı zahılıq dövrü problemsiz keçibsə, çapıq birincili bitişibsə, birinci keysəriyyə kəsiyindən 2 il keçibsə, doğum fəaliyyəti normaldırsa, uşağın çəkisi balacadırsa, birinci doğuşda çanaqla əlaqədar nisbi göstəriş olubsa, ancaq açıq əməliyyat şəraitində, yəni cərrah, narkoz vasitələri yanında olmaqla doğuş aparıla bilər: “Amma qeysəriyyə kəsiyinin olması üçün 5 tibbi göstəriş var ki, bunun da birincisi əvvəl keçirilən əməliyyatdakı çapıqdır. Bu gün Azərbaycanın mama-ginekoloqları hesab edir ki, uşaqlıq üzərində çapıq varsa, qadın əməliyyata getsə daha yaxşıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR