Azərbaycanda ahılların sosial müdafiəsinin gücləndirilməsinə dair Dövlət Proqramının layihəsi hazırlanır

Azərbaycanda ahılların sosial müdafiəsinin gücləndirilməsinə dair Dövlət Proqramının layihəsi hazırlanır
# 01 oktyabr 2014 08:09 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi “Ahılların müdafiəsi ilə bağlı Qətnamə”yə əsasən, 1 oktyabr - Beynəlxalq Ahıllar Günü kimi təsis edilib. Beynəlxalq Ahıllar Günü 1993-cü ildən başlayaraq Azərbaycanda da hər il yüksək səviyyədə qeyd edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, ölkədə 70 yaşına çatmış vətəndaşlar ahıl hesab olunurlar. Rəsmi statistikaya görə, ölkədə belə şəxslərin sayı 400 min nəfərə yaxındır.

Nazirlikdən bildirilib ki, hazırda “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə dair Dövlət Proqramı”nın (2014-2020-ci illər) layihəsi hazırlanır. Layihənin hazırlanması zamanı BMT-nin Beynəlxalq Madrid Fəaliyyət Planının və Yaşlaşma Problemləri üzrə Vyana nazirlər konfransının prinsipləri, ahılların layiqli həyat tərzi keçirmələri üçün əlverişli şəraitin yaradılması, onların cəmiyyətə inteqrasiyasının gücləndirilməsi və s. məsələlər diqqətdə saxlanılır.

Qeyd edək ki, indi Azərbaycanda əmək pensiyalarının baza məbləği 100 manat, orta aylıq məbləği 172,7 manat, yaşa görə pensiyalar üzrə orta aylıq məbləğ 190,9 manat, əvəzetmə əmsalı 45% təşkil edib. Nəticədə, pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyib.

Dövlət qarşısında xüsusi xidmətləri olmuş ahıllar əmək pensiyaları ilə yanaşı, Azərbaycan Prezidentinin təqaüdü ilə də təmin olunurlar. Dövlət başçısının 17 mart 2014-cü il tarixli fərmanına əsasən, Böyük Vətən müharibəsi əlillərinə verilən Azərbaycan Prezidentinin təqaüdləri bu il aprelin 1-dən I qrup əlillər üçün 110 manatdan 150 manata, II qrup əlillər üçün 85 manatdan 130 manata və III qrup əlillər üçün 60 manatdan 100 manata çatdırılıb. Eyni zamanda, 30 aprel 2014-cü il tarixli sərəncamla Böyük Vətən müharibəsi iştirakçılarına, Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə təyin olunan prezident təqaüdünün aylıq məbləği bu ilin may ayının 1-dən 82% artırılaraq 55 manatdan 100 manata qaldırılıb.

Bu vaxta qədər ƏƏSMN tərəfindən 1055 nəfər Böyük Vətən müharibəsi əlili minik avtomobili, həmin təbəqədən olan 80 nəfərə yaxın ahıl isə mənzillə təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR