Fələstinin Azərbaycandakı səfiri: “Münaqişənin əsası məhz işğaldır” - MÜSAHİBƏ - FOTOSESSİYA

Fələstinin Azərbaycandakı səfiri: “Münaqişənin əsası məhz işğaldır” - <span style="color: red;">MÜSAHİBƏ  - <span style="color: red;">FOTOSESSİYA
# 15 iyul 2014 11:23 (UTC +04:00)

Bakı. Etibar Məmmədov, Rüfət Əhmədzadə - APA. Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərimin APA-ya müsahibəsi

- Cənab səfir, hazırda Qəzza zolağında nə baş verir?

- Son zamanlar Qəzza zolağında baş verənlər müharibədir və İsrail dövlətinin Fələstinin bir hissəsi olan Qəzza zolağına və o cümlədən Fələstin xalqına qarşı elan edilmiş müharibəsidir. Onsuz da Qəzza zolağı və onun ətrafı 7 ildən artıqdır ki, İsrail tərəfindən mühasirə şəraitindədir. İsrailin Qəzzaya hücumu məhz müharibədir. Müharibə başladığı dövrdən indiyə kimi 176 fələstinli qətlə yetirilib, onlardan 77 faizi mülki vətəndaşlar, qadınlar və uşaqlardır. Əməliyyatların başlanmasından indiyə kimi bir sıra mənzillər dağıdılıb və bunlar adi fələstinli ailələrə məxsus mənzillərdir. Bildiyiniz kimi, İsrail dövləti təkmilləşmiş orduya və geniş imkanlara sahib, dünyanın 4-cü ən güclü ordusuna malik bir ölkədir və bu günə kimi hansısa itkiyə məruz qalmayıb. Biz ürəkdən arzu edirik ki, belə bir tələfat və ya qurbanlar İsrail tərəfində olmasın. Eyni zamanda Fələstin tərəfindən də itkilərin olmamasını və əməliyyatların qarşısının alınmasını və dayandırılmasını ürəkdən arzu edirik. Cənab Benyamin Netanyahu hökumətinin apardığı məhz bu siyasət ABŞ-ın himayəsi ilə bir müddət öncə başladılmış sülh prosesinin uğursuzluqla nəticələnməsinin bir hissəsidir. Yəni, aparılan bu siyasət nəticəsində sülh prosesinin gedişatı pozuldu və hər hansı bir nəticə əldə olunmadı.

Gəlin, bu münaqişənin əsasına nəzər salaq. Münaqişənin əsası məhz işğaldır. İşğalçı dövlət İsraildir ki, Fələstin dövlətini işğal edib. Məhz bu işğal nəticəsində bütün bu problemlər ortaya çıxıb. Fələstinlilər İsraili işğal etməyib, belə bir fakt yoxdur, əksinə, İsrail Fələstin dövlətini işğal edib. Bununla bağlı bir sıra qətnamələr, qərarlar qəbul edilib ki, paytaxtı şərqi Qüds olmaqla müstəqil Fələstin dövləti yaradılmalıdır və bu dövlət İsraillə yanaşı sülh, qonşuluq şəraitində yaşamalıdır. Lakin bu, baş verməyib. Fələstin xalqının istəyi yalnız İordan çayının qərb sahili və Qəzza zolağında özünün müstəqil Fələstin dövlətini yaratmaqdır. Ümumiyyətlə, İsrail hökumətində təmsil olunan nazirlərin 3/2-si məhz radikal-sağçı mövqeyə malik partiyalardan gəlmiş insanlardır ki, bunların böyük əksəriyyəti radikal mövqeyə malikdirlər. Onların bir çoxunun mövqeyi Benyamin Netanyahunun rəhbərlik etdiyi Likud Partiyasının mövqeyi ilə eynidir. Likud Partiyasının mövqeyi də məhz radikal mövqedir. İsrailin hökumət başçısı sözdə söyləyir ki, biz sülh prosesinin baş tutmasının və iki dövlət prinsipi məsələsinin həllinin tərəfdarıyıq. Lakin bu, əməldə baş tutmalıdır. Əməldə biz başqa şey görürük, bəzi nazirlər Fələstin haqqında neqativ fikirlər söyləyirlər. Məsələn, bəziləri ümumiyyətlə fələstinli əhalinin oradan qovulmasının tərəfdarıdır, bəziləri isə hətta fələstinlilərin qətlə yetirilməsini dəstəkləyirlər. Hətta iqtisadiyyat naziri Niftali Benet kimi bəzi nazirlər fələstinlililərin öldürülməsinə etiraz etmir və əksinə, buna sevinir. Bu dediklərimiz Fələstin hökumətinin ortaya çıxardığı nəticə deyil. Dediklərimizi böyük dünya dövlətləri, eyni zamanda İsraillə müttəfiq olan ölkələr də söyləyir ki, Benyamin Netanyahu sülh prosesinin əldə olunmasında maraqlı deyil və bu istiqamətdə ciddi cəhd göstərmir. Almaniya, ABŞ, Fransa, Böyük Britaniya və digər böyük dövlətlərin liderləri söyləyirlər ki, cənab Benyamin Netanyahu sülh prosesində maraqlı deyil. Hansı daha yaxşıdır? Bir xalqa qarşı zülm edib, belə müharibələr törətmək, yoxsa, danışıqlar masasına əyləşib bu problemin sülhlə həll olunmasına çalışmaq? Bu suala Benyamin Netanyahu hökuməti İsrail xalqı qarşısında cavab verməlidir ki, bu variantlardan hansını seçir. İsrail hökumətinə ar olsun ki, belə bir rüsvayçı işğalı həyata keçirib və digər dövlətin ərazisini işğal edib.

- Münaqişənin başlanmasına səbəb kimi 3 nəfər israilli gəncin əsir götürülməsi və sonradan öldürülməsi göstərilir. Ümumiyyətlə, İsrailin müharibənin elan olunması üçün gətirdiyi arqumentlər nə dərəcədə düzgündür?

- Gəlin, kiçik bir məqamı sizə xatırladım. Deyək ki, müharibə bu səbəblə başladı. İki ay bundan öncə ABŞ-ın himayəsi ilə sülh prosesinin danışıqlar mərhələsi başlamışdı. Bildiyiniz kimi, bu danışıqlarda 9 ay ərzində nəticə əldə olunmalı idi. Bu hadisənin törədilməsindən iki ay öncə, məhz Benyamin Netanyahu tərəfindən çıxarılmış qərar əsasında sülh prosesi uğursuzluğa düçar oldu. 3 israilli gəncin əsir götürülməsinə gəldikdə isə, ümumiyyətlə, Fələstin dövləti və eyni zamanda prezident Mahmud Abbas istənilən halda hansısa zorakılığın baş verməsinin qəti əleyhinədir. İstər israilli, istərsə də fələstinlinin qətlə yetirilməsi birmənalı olaraq bizim tərəfimizdən qəbuledilməzdir. İsraillinin qanı eynilə fələstinlinin qanıdır, fələstinlinin qanı da eynilə israillinin qanıdır. Bu, insandır və heç bir halda onun qətlə yetirilməsi məqbul deyil. Məhz buna görə də bizim prezident birmənalı şəkildə yəhudi gənclərinin qətlə yetirilməsini qətiyyətlə pisləyib. Mahmud Abbas cənabları bu hadisə baş verən zaman hələ Ər-Riyadda İslam Əməkdaşlıq Təşkilatı xarici işlər nazirlərinin görüşündə, İslam Əməkdaşlıq Təşkilatının tribunasından bütün dünyaya ərəb dilində səsləndi ki, o uşaqlar azad edilməli və ailələrinə qaytarılmalıdır. Hələ o zaman bilinmirdi ki, bunlar qətlə yetiriliblər, sadəcə, israilli gənclərin yoxa çıxması barədə məlumatlar var idi. Mahmud Abbas o zaman əsl prezident, sülhə inanan bir insan kimi öz mövqeyini ortaya qoydu. Bəs qarşılığında cənab Benyamin Netanyahu necə davrandı? O isə dərhal İsrail ictimaiyyətində Fələstin xalqı və bu hadisə barədə təhrikedici və qızışdırıcı mövqe sərgiləməyə başladı. Halbuki o, bu hadisə ilə əlaqədar istintaq qrupu yaratmalı, təhlükəsizlik qüvvələrini ora cəlb etməli, hadisənin araşdırılması ilə bağlı müvafiq göstərişlər verməli idi. Amma o, birbaşa bütün qapıları İsrail ordusunun üzünə açdı və onlara şərait yaratdı ki, İordan çayının qərb sahili şəhərlərinə daxil olsunlar. Nəticədə, 800 fələstinli o hadisə ilə əlaqədar İsrail ordusu tərəfindən həbs olundu, 7 dinc fələstinli isə qətlə yetirildi.

- İsrail tərəfi iddia edir ki, Fələstin xalqına deyil, HAMAS-a qarşı mübarizə aparır...

- BMT-nin hesablamalarına görə, ölənlərin 77 faizi mülki vətəndaşlar, qadınlar, uşaqlar, hətta əlillərdir. Yəni, bu hesablamaları görən insan necə düşünə bilər ki, bu müharibə məhz HAMAS-a qarşıdır. İsrail bombardmanı nəticəsində əlillər mərkəzi dağıdılıb, günahsız bir gənc kafedə əyləşib, futbol üzrə dünya çempionatını izləyən zaman qətlə yetirilib. Bu hadisələrin gedişatında biz birmənalı olaraq HAMAS-ın da İsrailə hər hansı raket atmasını heç bir halda dəstəkləmirik və dərhal bunun dayandırılmasını tələb edirik. Lakin qarşı tərəf hadisələrin qızışdırılmasında maraqlı olduğu halda, təbii ki, belə hadisələr də baş verir. Fələstin prezidenti Mahmud Abbasın uzatdığı ələ, sülh təklifinə, əgər İsrail tərəfi müsbət cavab vermiş olsaydı, hadisələr bu vəziyyətə gəlib çıxmazdı. Ona görə də biz İsrail tərəfinin bu kimi hadisələrin törədilməsində marağı olduğu qənaətinə gəlirik. Yəni, onlar hazırkı durumun saxlanılmasında maraqlıdırlar. Baş verən bombardman nəticəsində bir ailənin 18 üzvü bir mənzildə həlak olub. Yəni, sıravi bir ailə atılan bomba nəticəsində həlak olub. Halbuki, bu evdə hər hansı silah saxlanılmır. Problem varsa, bunu HAMAS-la həll edin, niyə dinc sakinləri öldürürsünüz? 550-dən çox bina və mənzillər əməliyyat başlayandan bu günə kimi İsrail bombardmanı nəticəsində dağıdılıb. Bunların böyük əksəriyyəti adi ailələrə məxsus evlər olub. İsrail oxşar müharibəni 2012-ci ildə də başladıb. Bu müharibə bitdi, amma nəticədə zərər çəkən yenə də Fələstin xalqı oldu. O vaxt da HAMAS-a qarşı müharibə adı altında əməliyyatlar başladı və yenə də xalqa ziyan dəydi. HAMAS-a isə heç nə olmadı. 3 israilli gəncin girov götürülməsi məsələsində 2 fələstinli şübhəli şəxs kimi tanındı. Ancaq onlar qaçıblar. Qanunvericilikdə olduğu kimi, cinayət törədən şəxsin əməlləri sübuta yetirilir, məsələ araşdırılır, həmin adam da məsuliyyətə cəlb olunur. Ancaq İsrail tərəfi heç bir sübut olmadan gəlib, həmin şəxslərin ailəsinin evini darmadağın etdilər. Ümumiyyətlə, İsrail hökuməti Fələstin xalqı ilə çox alçaldıcı, qeyri-insani rəftar edir.

- Dediniz ki, İsrail hökumətinin HAMAS-la problemi varsa, onunla həll etsin. Məlumdur ki, Fələstin ərazisində bir sıra qruplaşmalar və təşkilatlar nəzdində olan hərbi qanadlar var. O silahlı birləşmələrinin fəaliyyətini nəzarətdə saxlamaq və mülki əhalini münaqişələrdən sığortalamaq üçün Fələstin hökumətinin əlində imkanlar varmı?

- Bildiyiniz kimi, Fələstin dövləti işğal altında olduğuna görə İsrail kimi geniş imkanlara və gücə malik deyil ki, ölkə ərazisində olan HAMAS kimi qruplaşmalara tam nəzarət edə bilsin. Onların tərksilah edilməsi, yaxud da fəaliyyətlərinin məhdudlaşdırılması hazırda mümkün deyil. Lakin Fələstin dövlətinin nəzarətində olan yaşayış məntəqələrində asayiş və qanunlar bizim polis qüvvələrimiz tərəfindən qorunur və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edirik. Qeyd edək ki, son hadisələr məhz İsrail işğalında olan ərazilərdə gedir. Üç yəhudi gənclə bağlı insident Təl-Əvivin nəzarət etdiyi məntəqədə baş verib. Yəni, bu gün bizim nəzarət etdiyimiz ərazilərdə belə halların baş verməsi mümkün deyil. Bu cür qanun pozuntularının, cinayətlərin aşkarlandığı halda isə onları şişirtmək, hərbi cinayətlərlə davam etdirmək düzgün deyil. Cinayətkar aşkarlanmalı, mühakimə olunmalıdır. Bir xalqa qarşı hücuma keçilir, artıq bu fakt danılmazdır. Bu, heç bir məntiqə, hüquqa sığmır.

İsrail hökuməti ilə razılaşmaya görə, Fələstin dövlətinin ordu saxlamağa ixtiyarı yoxdur. Bizim polisimiz var və asayişi polis qüvvələrimizin cəmləşdiyi yerlərdə vəziyyətə nisbətən nəzarət edə bilirik. Hazırda Fələstin ərazisi İsrail ordusu tərəfindən işğal olunub və belə olduğu halda, radikal və ekstremist Netanyahu Fələstin xalqını terrorda ittiham edir. Belə hesab edirəm ki, İsraildə baş verənlərə görə ilk növbədə Netanyahu məsuliyyət daşıyır. O, öz xalqı qarşısında da məsuliyyət daşıyır, çünki İsrail-Fələstin münasibətlərinin nizama salınmamasında, daha da gərginləşməsində onun böyük rolu var. Hazırkı İsrail baş nazirinin sərt bəyanatları, təhdidləri bölgədəki vəziyyəti daha da gərginləşdirir, iki xalq arasındakı nifaqı dərinləşdirir. Biz isə Fələstin lideri Mahmud Abbasın simasında istəyirik ki, bölgədə sülh olsun, Fələstin və İsrail xalqları mehriban qonşu kimi yaşasınlar. Biz özgələrinin haqqını, torpağını istəmirik.

- Hazırda Fələstin dövləti hansı şərtlər altında və nə kimi güzəştlərə getməklə suverenlik və sülh haqqında danışıqlara hazırdır? Bu problemi necə həll etmək olar, bu istiqamətdə sizi qane edən bir paket varmı?

- Hələ İsrail dövləti yaradılarkən BMT tərəfindən Fələstin torpaqlarının 56 faizi İsrailə, 44 faizi isə Fələstin dövlətinə verildi. Lakin hazırda İsrail nəzarət etdiyi torpaqları 78 faizə çatdırıb. Biz hətta Fələstinin tarixi torpaqlarının 22 faiz ərazisində qalmağa belə razıyıq. Yetər ki, İsrail hökuməti də radikal davranışlardan əl çəksin və hər iki xalqın gələcəyi naminə sülhə meylli olsun. Fələstində günahsız insanları qırmaq, ya da öz torpaqlarından zorla sürgün etmək müasir dünya üçün yaraşan hal deyil. BMT-nin son qətnaməsinə görə də, paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin suverenliyi İsrail tərəfindən tanınmalıdır. Lakin qarşı tərəf bu məsələni süni şəkildə uzadır, 22 faizdə belə dövlət qurmağımıza imkan vermir.

Bir daha deyirəm, bu ərazilər mübahisəli statusa malik deyil, əksinə, bizim ərazi kimi təsdiqlənib, amma işğal olunub. Hətta 22 faizdən 4 faizi də İsrail tərəfindən tam nəzarətə götürülüb.

İsrail hökuməti indi deyir ki, guya Qəzzaya nəzarət edə bilmirlər. Halbuki, ora nəzarət imkanından məhrum olan bizik. İsrail ordusu Qəzzaya girməsə də, həmin ərazi tamamilə mühasirəyə alınıb və havadan-qurudan nəzarətdədir. Oradakı soydaşlarımız hətta dənizə balıq tutmağa da gedə bilmirlər. Hər şeyə müdaxilə olunur, rahat yaşayış üçün lazım olan heç bir şərait təmin edilmir.

Hətta Mahmud Abbas hökumətinin yerləşdiyi İordan çayının Qərb sahili və Rəmallah da İsrailin nəzarəti altındadır, burada hər hansı suverenlikdən əsər-əlamət yoxdur və İsrail Fələstin xalqının gündəlik həyatının hər bir sahəsinə tam nəzarət edir.

- Beynəlxalq ictimaiyyətin Qəzzada baş verən son olaylara reaksiyası sizi qane etdimi?

- Ümumiyyətlə, dünya birliyinin mövqeyi xeyli yumşaq oldu və ciddi addımlar atılmadı. Lakin İsrailin müttəfiqi olan ABŞ siyasətçiləri də qeyd edirlər ki, Netanyahu Qəzzaya hücum məsələsində çox sərt mövqe tutur və onun atdığı addımlar bölgənin yenidən müharibə ocağına çevrilməsinə xidmət edir.

BMT tərəfindən qəbul olunmuş qətnamələr və tanınmış sərhədlər var. Bu istiqamətdə bizim suverenliyimizin bərqərar olmalıdır. Biz ABŞ-dan daha qətiyyətli mövqe gözləyirik. Bu münaqişənin yenidən alovlanması bölgədə başladılan sülh proseslərinə ziddir.

İsrail lobbisinin Birləşmiş Ştatlar Konqresində güclü olması ABŞ administrasiyasının siyasətinə həmişə təsir edir. ABŞ-ın mövqeyi bizi orta səviyyədə qane edir, amma daha intensiv və daha dərindən yanaşmalara ehtiyac var.

Avropa dövlətlərindən də, digər ölkələrindən gözlədiyimiz odur ki, Fələstində qan tökülməsini mümkün qədər tez dayandıraq. Hər gün nə qədər insan qırılır, biz başa düşməliyik ki, danışıqların uzanması günahsız insanların gələcəyindən illər alır.

Dünya ictimaiyyətinin reaksiyası ümumi şəkildə belədir ki, müəyyən ölkələrin vətəndaşları Fələstin xalqına həmrəylik nümayiş etdirən aksiyalar təşkil etdilər. Lakin bəzi dövlətlərin rəhbərliyində başqa cür düşünənlər də var. Deyirlər ki, İsrail özünü müdafiə etməlidir. Bəli, etməlidir. Biz də onu deyirik. Amma bunu elə şəkildə etmək olar ki, nə dinc sakinlər əziyyət çəksinlər, nə də sülh prosesinə zərər toxunsun. Eyni zamanda 50 ildən çoxdur ki, işğala məruz qalmış Fələstin xalqı da BMT və dünya ictimaiyyətinin çıxardığı qərar və qanunlarla özünü müdafiə etməlidir.

- Azərbaycanla münasibətlər nə səviyyədədir? Səfirliyinizin burdakı fəaliyyəti üçün şərait yaradılırmı?

- Fələstin prezidenti Mahmud Abbas 2011-ci ildə Bakıda səfərdə oldu, cənab İlham Əliyevlə görüş zamanı möhkəm dostluq və yoldaşlıq münasibətlərinin əsası qoyuldu. Sözsüz ki, Azərbaycan bölgədə bizim ən yaxın dost bildiyimiz dövlətlərdəndir. Bu görüşdən sonra, 2013-cü ildə İƏT-nın xarici işlər nazirlərinin Bakıda keçirilən konfransında Azərbaycan hökuməti Fələstinə yardım üçün 5 milyon dollar vəsait ayırdı. Azərbaycan Respublikası səfirliyimizin maddi-texniki bazasının təmin olunmasına da dəstək verib. Bu, özlüyündə böyük əhəmiyyət daşıyır. Bu gün Azərbaycan rəhbərliyinin Fələstin səfirliyinə və ümumiyyətlə, dövlətimizə qarşı göstərdiyi mehribanlıq və qayğıdan çox razıyıq və bununla fəxr edirik. Fələstin dövləti bu dostluğu daim qorumağa çalışır.

- Ermənistan tərəfi bəzən müxtəlif münaqişə modellərini Dağlıq Qarabağ münaqişəsi ilə müqayisə edir və bu müqayisələrdə Fələstin münaqişəsinin də adı hallanır. Ümumiyyətlə, Fələstin dövlətinin Qarabağ münaqişəsinə yanaşması necədir?

- Fələstin torpaqları işğal altındadır. Biz özümüz işğala məruz qalan bir tərəf kimi, heç vaxt işğalı dəstəkləyə bilmərik. Fələstin dövlətinin prezidenti cənab Mahmud Abbas Bakıya gələn zaman cənab İlham Əliyevlə öz iqamətgahında yanbayan dayanaraq Azərbaycan Respublikasını və onun ərazi bütövlüyünü tam dəstəklədiyini aydın şəkildə ifadə etdi və BMT tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair qəbul edilmiş 4 qətnaməni rəqəmləri ilə sayaraq, onların tətbiq olunmasına çağırdı. Fələstin dövlətinin bu məsələ ilə bağlı mövqeyi aydındır və Azərbaycan Respublikasının mövqeyi ilə həmrəydir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR