Azərbaycan diaspor nümayəndələri Şimali Kiprin təhsil naziri ilə görüşüblər

Azərbaycan diaspor nümayəndələri Şimali Kiprin təhsil naziri ilə görüşüblər
# 20 iyun 2016 10:06 (UTC +04:00)

Bakı – APA. Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin (AKDC) üzvləri ölkənin təhsil naziri Özdəmir Berova ilə görüşüblər.

Azərbaycan-Kipr Dostluq Cəmiyyətindən APA-ya verilən məlumata görə, AKDC sədri Orxan Həsənoğlu Azərbaycanda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayı və Azərbaycan prezidenti İlham Əliyevin qurultaydakı çıxışı barədə, Azərbaycan diasporunun hədəfləri barədə nazirə məlumat verib.

"AKDC diaspor sahəsində ölkənin ən fəal təşkilatlarından biridir. Təşkilatımız müəyyən istiqamətlərdə gələcək işlərini planlaşdırıb. Qarşısına qoyduğu məqsədə çatmaq üçün üzərinə götürdüyü öhdəlikləri vaxtında və layiqincə yerinə yetirir", - deyə O.Həsənoğlu bildirib.

O, 49 ölkə təmsilçilərinin qatıldığı möhtəşəm tədbirdə Şimali Kipri təmsil etdiklərini qeyd edib. Şimali Kiprin Azərbaycan xalqı üçün dörd tərəfi dənizlə əhatə olunan bir ada olmadığını dilə gətirən O. Həsənoğlu deyib ki, Kiprdə yaşayan türklər Azərbaycan xalqı üçün eyni milli-mənəvi və ortaq dəyərləri bölüşən qardaş xalqdır: “Bu iki xalqı bir birinə bağlayan və birləşdirən mənəvi bağlar var”.

Ö. Berova isə AKDC-nin Şimali Kiprdəki fəaliyyətindən məmnunluğunu dilə gətirib. O bildirib ki, iki qardaş ölkəni bir-biri ilə mənəvi bağlar birləşdirir: “Ortaq problemlərimiz var və ortaq sevinci bölüşürük. KKTC-də yüzlərlə azərbaycanlı tələbə təhsil alır. Biz azərbaycanlı tələbələri digər ölkələrdən gələn əcnəbi tələbələr kimi görmürük. Onlar bizim üçün doğmadır, Kipr isə onların evidir".

O. Həsənoğlu tələbələrin qarşılaşdığı problemləri dilə gətirərək, qarşılıqlı maraqlar çərçivəsində yeni fəaliyyət planına ehtiyac olduğunu və bundan sonra daha sıx əməkdaşlıq edilməsinin vacibliyini vurğulayıb. O xüsusi məsələ ilə bağlı nazirdən xahiş də edib: "Bir neçə ildir Şimali Kiprdə orta məktəb dərsliklərində müasir Azərbaycan tarixi ilə bağlı mövzunun salınmasına cəhd etsək də, bu, uğursuz nəticələnib. Bunun əsas səbəbi yerli hökumətin son 4 il ərzində bir neçə dəfə dəyişməsi olub. Bu işdə kömək göstərməyinizi xahiş edirəm. Cənab nazir bu addımın iki qardaş xalqın əlaqələr tarixinə qızıl hərflərlə yazmağın, sizə nəsib ola biləcəyini ümid edirəm".

Öz növbəsində təhsil naziri sözügedən məsələni xüsusi diqqətdə saxlayacağını və tarix kitablarına salınacaq mövzuların hazırlanıb təqdim edilməsini xahiş edib, məsələni Şimali Kiprin xarici işlər naziri və müvafiq dövlət qurumları ilə müzakirə edəcəyini bildirib.

AKDC sədr müavini və Diaspora Jurnalistərinin Kipr təmsilcisi Rəşad Bədirli isə Kipr kitabxanalarında Azərbaycan haqqında stendin açılmasına razılıq verilməsini istəyib. Ö. Berova bunun mümkün olacağını bildirib, layihə haqqında qısa zaman ərzində yazılı məlumat verilməsini istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR