Qobustanda «Azərbaycanda istehlakçı hüquqları qorunur» mövzusunda konfrans keçirilib

Qobustanda «Azərbaycanda istehlakçı hüquqları qorunur» mövzusunda konfrans keçirilib
# 29 mart 2013 10:29 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Qobustanda Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə «Azərbaycanda istehlakçı hüquqları qorunur» mövzusunda konfrans keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 120-dən çox istehlakçı iştirak edib.

Konfransda çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyev Azərbaycan iqtisadiyyatının davamlı inkişaf etdiyini, əhalinin sosial rifahının daha da yaxşılaşdığını vurğulayıb və qeyd edib ki, bütün bunlar əhalinin artan tələbatının daha dolğun ödənilməsinə, istehlakçıların seçim imkanının genişləndirilməsinə şərait yaradır, eyni zamanda istehlakçı hüquqlarının etibarlı müdafiəsinə diqqətin artırılmasını zəruri edir. İstehlakçıların hüquqlarının qorunması istiqamətində görülən işlər barədə məlumat verən A.Əliyev 2012-ci il ərzində həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 84,6 ton müxtəlif növ ərzaq mallarının satışdan çıxarılaraq məhv edildiyini bildirib.

Dövlət Xidmətinin rəis müavini istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, maarifləndirmə tədbirlərinin də xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları «İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr», «Hər bir istehlakçı öz hüquqlarını bilməlidir», «Ərzaq malları alarkən nələrə diqqət yetirməli» mövzularında məruzələrlə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR