Beynəlxalq yay universitetinin açılışı olub

Beynəlxalq yay universitetinin açılışı olub
# 25 iyul 2016 15:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün “Ələddin” layihəsi, Avropa Komissiyası və YUNESKO-nun birgə proqramı olan Beynəlxalq yay universitetinin açılış mərasimi keçirilib. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, YUNESKO-nun himayəsi altında həyata keçirilən “Ələddin” layihəsi çərçivəsində 2013-cü ildən etibarən təşkil edilən Beynəlxalq yay universitetinə bu il Azərbaycan ev sahibliyi edəcək: “Miqrasiya və mədəniyyətlərarası əlaqələrin gələcəyi” mövzusuna həsr edilən beynəlxalq yay universitetində iştirakçılara zəngin multikultural dəyərlərlə malik olan Azərbaycan reallıqları haqqında məlumat veriləcək.

Layihənin əsas məqsədi mədəniyyətlərarası əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin beynəlxalq münasibətlərin həlledici humanitar və multikultural məsələlərinin araşdırılması imkanının genişləndirilməsindən ibarətdir”.

“Ələddin“ layihəsinin icraçı direktoru Abe Radkin bildirib ki, Beynəlxalq yay universiteti dünyada baş verən proseslərin müzakirəsi və müvafiq təhlillərin aparılması baxımından müstəsna rol oynayır. Terrorizm, ekstremizm, ayrı-seçkilik və dözümsüzlük kimi təhdidlərin qloballaşan dünyada ciddi təhlükə təşkil etdiyini deyən A.Radkin mədəniyyətlərin dialoquna ehtiyac olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Quba rayonunda yerləşən tədris, idman və istirahət kompleksində keçiriləcək Beynəlxalq yay universitetində iştirak etmək üçün 20-dən çox ölkənin 26 universitetindən 55 tələbə Azərbaycana gəlib. Avqustun 7-dək davam edəcək Beynəlxalq yay universitetində müxtəlif ölkələrin tanınmış alimləri, Azərbaycanın müvafiq sahə üzrə aparıcı mütəxəssisləri tərəfindən təlimlər aparılacaq. Beynəlxalq yay universiteti ilk dəfə 2013-cü ildə Türkiyənin İstanbul şəhərində, 2014-cü ildə Almaniyanın Berlin şəhərində, 2015-ci ildə isə Türkiyənin Kapadokiya bölgəsində təşkil edilib.

Açılış mərasimindən sonra tədbir iştirakçıları Quba rayonuna yola salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR