Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclası keçirilib

Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclası keçirilib
# 06 avqust 2014 16:20 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bakıda Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclası keçirilib.

APA-Economics”in məlumatına görə, Azərbaycan tərəfindən Dövlət Komissiyasının həmsədri, İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi, iqtisadi və sosial-humanitar əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, əməkdaşlığın bərabərhüquqlu və faydalı tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb. O bildirib ki, dövlət başçılarının son 20 il ərzində 16 rəsmi və işgüzar səfəri, eləcə də müxtəlif beynəlxalq tədbirlər çərçivəsində çoxsaylı görüşləri və əldə edilmiş razılaşmalar bu münasibətlərin daha da dərinləşməsində böyük rol oynayıb.

Onun sözlərinə görə, indiyədək iki ölkə arasında 103 sənəd, o cümlədən iqtisadi sahədə 30-a yaxın sənəd imzalanıb. Nazir Şahin Mustafayev qeyd edib ki, 2013-cü ildə Azərbaycan və İran arasında ticarət dövriyyəsi 7% artıb. Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 441 İran investisiyalı şirkət fəaliyyət göstərir. İran tərəfindən Azərbaycanda əsas kapitala 382 mln. dollar, qeyri-neft sektoruna isə 105 mln. dollar investisiya yatırılıb. Təkcə 2013-cü ildə İranın əsas kapitala sərmayələrinin həcmi 158 mln. dollar təşkil edib. Bununla belə, nazir deyib ki, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də ticarət və investisiya sektorlarında əməkdaşlığın inkişafı üçün böyük imkanlar var.

İclasda bildirilib ki, əlverişli coğrafi-iqtisadi mövqeyi, təbii resurslar və xammal ehtiyatları ilə zənginliyi, Şimal-Cənub və Şərq-Qərb istiqamətlərində geniş tranzit potensialı, iqtisadi imkanlarının ilbəil genişlənməsi, böyük sənaye potensialı və digər iqtisadi amillər həm Azərbaycanın, həm də İranın regional əhəmiyyətini artırmaqdadır. Hər iki ölkənin böyük iqtisadi resursları regionun inkişafına təkan verir.

İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri, İran tərəfindən Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi isə bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin İrana rəsmi səfərindən və İran prezidenti Həsən Ruhani ilə görüşündən sonra iki ölkə arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub.

İclasda iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə Azərbaycan-İran əməkdaşlığının inkişafına dair müzakirələr aparılıb.

Sonda Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclasının yekunlarına dair Protokol imzalanıb. Sənəddə sənaye, energetika, kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı, nəqliyyat, rabitə və yüksək texnologiyalar, investisiya, ticarət, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın inkişafı, əlaqələrin genişləndirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, İran nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Sumqayıt Texnologiyalar Parkının və “Gilan” Tekstil Parkının fəaliyyəti, eləcə də Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış olub. Səfər çərçivəsində avqustun 7-də Azərbaycan-İran biznes forumu keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR