Qurban Yetirmişli: "Xəzər dənizində potensial gücə malik olan zəlzələ ocaqları çoxdur"

Qurban Yetirmişli: "Xəzər dənizində potensial gücə malik olan zəlzələ ocaqları çoxdur"
# 12 mart 2015 08:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Xəzər dənizində potensial gücə malik olan zəlzələ ocaqları çoxdur. Xəzərin cənubunda, cənubi-şərqində, şərqində, şimal-şərqində belə zəlzələ ocaqları var. Bu gün də baş verən zəlzələ həmin zəlzələ ocaqlarından birində qeydə alınıb”.

Bunu AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli APA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, yanvar ayından bu günə kimi Xəzərdə kifayət qədər xırda zəlzələlər baş verib. Xəzər hövzəsində həmişə səciyyəvi şəkildə aktivliyin olduğunu deyən Q.Yetirmişli əlavə edib ki, baş verən zəlzələlərdən çoxları zəif, maqnitudası 3-dən az olanlar, bəziləri isə 3-dən çox olanlardır: “Bir də görürsən ki, zəif enerjili, aktivlik olmayan ərazilərdə güclü, hiss olunan zəlzələ baş verə bilir. Gərginlik toplanması bəzən zəif təkanlarla özünü göstərir. Son aylarda Xəzər dənizində zəif təkanlar olub və sonradan sakitləşib. Bu gecə qeydə alınan zəlzələ də güclü deyil, dərində və Xəzərdə olduğundan ətraf rayonlarda da hiss edilib. İndiki zəlzələ dağıntı əmələ gətirməyib. Çünki dərində baş verib, səthi deyil. Hiss olunma dərəcəsi olsa da, dağıntısı olmayıb”.

Q.Yetirmişli zəlzələnin maqnitudası arasında olan fərqlərə də aydınlıq gətirib. Onun sözlərinə görə, hazırda baş verən zəlzələlərin maqnitudası Rixter cədvəli üzrə verilir: "Ümumiyyətlə, beynəlxalq aləmdə də bu şkala ilə götürürlər. Amma ballıq sistem sovetlər dövründən qalır. 12 ballıq cədvəl 1964-cü ildə tərtib edilib. Məsələn, Xəzər dənizində baş verən zəlzələnin maqnitudası 4.7 bal gücündə olub və bu Rixter şkalası üzrə şərti rəqəmdir. Bunun arxasında isə ondan ayrılan enerjinin gücü dayanır ki, o da Coul-la verilir. Ballıq sistem isə həmin təkanın yer üzərində təzahürü, insanların hiss etməsi, binalarda çatların, dağıntıların əmələ gəlməsini göstərir. Ona görə də zəlzələ baş verdikdə ilk növbədə onun gücü maqnituda ilə verilir, müəyyən baxış keçirdikdən sonra balı müəyyənləşdirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR