Prezident İlham Əliyev: "Azərbaycanda ictimai nəzarət daha da güclü olmalıdır"

Prezident İlham Əliyev: "Azərbaycanda ictimai nəzarət daha da güclü olmalıdır"
# 17 sentyabr 2015 22:16 (UTC +04:00)

Bakı-APA. “Bu gün məni eşidən bütün icra orqanlarının nümayəndələri bilməlidirlər ki, hər bir sahədə ciddi nəzarət var və ən güclü nəzarət ictimai nəzarətdir”. APA-nın məlumatına görə, bu sözləri ötən gün Kürdəmirdə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Azərbaycan prezidenti İlham Əliyev bildirib.

“Siz, burada yaşayan insanlar görəndə ki, hər hansı bir ədalətsizlik var, keyfiyyətsiz yollar salınır, yaxud da başqa xoşagəlməz hallar baş verir, əlbəttə, siqnal verməlisiniz, ilk növbədə, yerli icra orqanlarına, əgər nəticə olmasa, mərkəzi icra orqanlarına. Beləliklə, Azərbaycanda ictimai nəzarət daha da güclü olmalıdır. Mən dəfələrlə bu barədə demişəm, bir daha demək istəyirəm ki, bizim gördüyümüz bütün işlər xalqın maraqlarına xidmət edir. Bu yolların çəkilişi, infrastruktur layihələrinin icrası da bu məqsədi güdür - hər şey insanlar üçün, Azərbaycan xalqı üçün. İstəyirəm ki, hər bir yerdə, hər bir rayonda yaxşı yollar, yaxşı tibbi xidmət, gözəl məktəblər olsun ki, insanlar bundan istifadə edib rahat yaşasınlar”, deyə dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev ölkə gəlirlərinin müəyyən mənada azaldığını bildirib: “Özünüz yaxşı bilirsiniz ki, neftin qiyməti düşüb, bu da təbiidir. Ancaq buna baxmayaraq, ölkə iqtisadiyyatının inkişafı, sosial məsələlərin həlli ilə bağlı bütün layihələr icra edilir və gələn ilin büdcəsində də kənd təsərrüfatının inkişafına, sosial məsələlərin həllinə kifayət qədər vəsait ayrılacaq. Bizim maliyyə vəziyyətimiz sabitdir. Öz gücümüzə güvənirik, arxalanırıq. Xarici borcumuz da çox aşağı səviyyədədir. Biz bütün xarici borcumuzu bir gündə ödəyə bilərik. Ona görə ödəmirik ki, buna ehtiyac yoxdur. Hələ ki, kreditlərdən istifadə edirik, amma kreditlərsiz də yaşaya bilərik. İndi ikinci belə ölkə tapılarmı ki, bir gündə xarici borcunu ödəyə bilsin? Çətin”.

“Bəzi ölkələrin xarici borcu ümumi daxili məhsuldan çoxdur. Yəni, onlar borc içində yaşayırlar və borcun üstünə borc gəlir. Nəticə etibarilə xalq əziyyət çəkəcək. Nə vaxtsa, necə deyərlər, bu piramida çökəcək. Amma əgər mən əmr versəm biz bütün xarici borcumuzu bir gündə ödəyə bilərik. Budur bizim reallıqlarımız. Bizdə güclü iqtisadiyyat, güclü siyasi iradə, xalq-iqtidar birliyi və bu yol kimi konkret işlər, nəticələr var.

Əlbəttə, siz də iştirak edirsiniz, öz dəstəyinizi verirsiniz ki, ölkəmiz daha da güclü olsun, heç kimdən asılı olmasın və Azərbaycanın taleyi əbədi olaraq Azərbaycan xalqının əlində olsun”, deyə prezident İlham Əliyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR