Azərbaycanda nəqliyyat vasitələrində jalüzlərin istifadəsinə icazə verilib

Azərbaycanda nəqliyyat vasitələrində jalüzlərin istifadəsinə icazə verilib
# 17 aprel 2013 09:42 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan prezidenti vətəndaşlardan daxil olan müraciətləri nəzərə alaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə yay mövsümündə nəqliyyat vasitələrində jalüzlərin istifadəsi qaydalarının müəyyənləşdirilməsi ilə bağlı tapşırıq verib.

APA-Economics”in məlumatına görə, tapşırığa uyğun olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin əmri ilə AZS 122-2004 "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər" dövlət standartına dəyişikliklər edilmişdir.

Dəyişikliklərə əsasən, nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmamalıdır. Əvvəlki standartlara görə, nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin işıq buraxma qabiliyyəti isə 60%-dən az olmamalıydı. Həmçinin Azərbaycanın iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə veriləcək.

Təsdiq edilmiş dəyişikliklərin ölkə ərazisində tətbiq vaxtı 1 may 2013-cü il tarixindən müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR